Gürcü professor işğalçıya büst qoyulmasını qınadı: “Bakının etirazları haqlıdır”

Gürcü professor işğalçıya büst qoyulmasını qınadı:  “Bakının etirazları haqlıdır”
  25 Yanvar 2019    Oxunub:8592
Yanvarın 20-də Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki azərbaycanlıların qətlində birbaşa iştirak edən Mixail Avaqyana büstün qoyulmasına gürcü ekspertlərin də etirazı davam etməkdədir.
Azvision.az -ın məlumatına görə, Gürcüstanın İctimai Əlaqələr İnstitutunun professoru, politoloq Tornike Şaraşenidze hesab edir ki, rəsmi səviyyədə nə cür bəyanatlar verilməsinə baxmayaraq, heykəlin qoyulması Gürcüstanla Azərbaycanın qarşılıqlı əlaqələrinə təsirsiz ötüşməyəcək.

O, baş verənləri Gürcüstan hakimiyyətinin siyasi məsuliyyətsizliyi ilə əlaqələndirib. Ekspertin sözlərinə görə, bu məsələyə Bakının haqlı etirazı həm də Azərbaycan-Gürcüstan strateji münasibətlərini erməni təxribatından qorumağa yönəlib. Lakin təəssüf ki, rəsmi Tbilisi bu məsələdə rasional və uzaqgörən davrana bilməyib.

“Bizim hakimiyyətdə özbaşınalıq, xaos və barbarlıq hökm sürür... Gürcüstan hakimiyyəti büstün qoyulmasının hansı nəticələrə gətirib çıxaracağını dərk edə bilmədi və ya etmək istəmədi. İndi isə artıq gecdir – sadəcə gələrək onu götürmək olmaz. İndi bunu etmək çox əlverişsiz olacaq. Ona görə də, gərək əvvəlcədən məlumatlı olasan və bu cür həssas məsələlərə daha çox diqqət edəsən. Əlbəttə ki, Bakının sərt reaksiyası başa düşüləndir. İstənilən normal bir ölkənin reaksiyası belə olardı. Düşünürəm ki, indi bu mövzunu nə qədər ört-basdır etməyə çalışsalar da, o, Gürcüstanla Azərbaycanın gələcək münasibətlərində problemli məsələ olaraq qalacaq”, – deyə Şaraşenidze vurğulayıb.

Qeyd edək ki, Mixail Avaqyana büstün qoyulması ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən dərhal Gürcüstan XİN-də görüş keçirilərək ölkəmizin qeyd olunan məsələ ilə bağlı etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.

Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti