Ərdoğan: “Hədəfimiz Suriyanı işğal etmək deyil”

  Ərdoğan: “Hədəfimiz Suriyanı işğal etmək deyil”
  24 Yanvar 2019    Oxunub:1624
“Türkiyənin Suriyada hərbi iştirakı bu ölkəni işğal etmək yox, humanitar məqsəd daşıyır. Və dünyanın harasında baş verməsindən asılı olmayaraq, Türkiyə dövlət çevrilişlərinə qarşıdır”.

Azvision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Quru Qoşunları Hərbi Akademiyasında “Milli Xəritə Proqramı”nın təqdimetmə mərasimində çıxış edərkən deyib.
Ərdoğan bildirib ki, Ankara leqitim hakimiyyətlərin çevriliş yolu ilə devrilməsinə qarşıdır: “Bizim Suriyanı işğal etmək kimi bir dərdimiz yoxdur. Bizə 780 min kvadrat kilometrlik vətən torpaqlarımız bəs edir. Suriyadakı əməliyyatlarda məqsədimiz sərhədlərimizin təhlükəsizliyini və suriyalılar üçün sülhü təmin etməkdir. Açıq deyirəm, humanitar məqsədlə Suriyada olan tək ölkə Türkiyədir. Digər ölkələrin planlarında başqa layihələr var. Yıxılanda təpik atmaq üçün gözləyən o qədər qəssab var ki?! 15 iyulda biz dövlət çevrilişi cəhdilə üzləşdik. Demokratiyaya inanan bir ölkə olaraq bütün komandamla dünyanın harasında olursa-olsun, harada dövlət çevrilişi cəhdi varsa, hamısına qarşıyıq. Seçkilərdə sandıqdan çıxan nəticəyə hər kəs hörmət etmək məcburiyyətindədir”.

O, həmçinin bildirib ki, miqrantların Aralıq dənizində ölmələrinə məhəl qoymayan Qərbdən fərqli olaraq, Türkiyə qapılarını qaçqınların üzünə bağlamayacaq.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Suriya   Türkiyə  





Xəbər lenti