Müttəfiqlər arasında gərginlik - ABŞ Seulu hədələyir

    Müttəfiqlər arasında gərginlik    - ABŞ Seulu hədələyir
  22 Yanvar 2019    Oxunub:1896
ABŞ hərbi bazasının Cənubi Koreyada qalmağa davam etməsi və amerikalı hərbçilərin saxlanılması üçün çəkilən xərclərin artırılması ilə bağlı tələb onilliklər boyu hərbi müttəfiqlik edən Vaşinqtonla Seul arasında gərginliyi artırmağa davam edir.
Azvision.az Cənubi Koreyanın “KBS” telekanalına istinadən xəbər verir ki, Cənubi Koreyadakı 28,5 minlik ABŞ qoşununun maliyyələşməsinə dair Vaşinqtonla Seul arasındakı 5 illik müqavilənin müddəti 31 dekabrda bitəndən sonra, Donald Tramp administrasiyasının Cənubi Koreya rəhbərliyinə təzyiqləri də artıb.

Telekanalın məlumatına görə, hətta ABŞ-ın Cənubi Koreyadakı səfiri Harri Harris bu ölkənin prezident administrasiyasına gələrək ABŞ hərbi kontingentinin saxlanılması üçün çəkilən əvvəlki xərclərin – 860 milyon dollar vəsaitin əhəmiyyətli dərəcədə artırılması və bununla bağlı yeni ikitərəfli müqavilə imzalanmasını tələb edib. Harris xəbərdarlıq edib ki, əks təqdirdə ABŞ qarşılıqlı müdafiə haqqında Cənubi Koreya ilə bağladığı ikitərəfli əməkdaşlıq müqaviləsinə yenidən baxa və hətta öz qoşunlarını bu ölkədən çıxararaq, onu Şimali Koreyanın nüvə təhlükəsilə təkbaşına qoya bilər.

Qeyd edək ki, 2018-ci ilin martından başlayaraq Amerika qoşunlarının saxlanılmasına ayrılan vəsaitin artırılması üçün ABŞ-la Cənubi Koreya arasında danışıqlar aparılır. ABŞ prezidenti Donald Tramp Seuldakı həmkarından tələb edir ki, xərcləri ikiqat artırsın. Lakin bu, Cənubi Koreya hökuməti tərəfindən qəti etirazla qarşılanıb. Nəticədə, məsələ barədə tərəflər arasında indiyədək hansısa anlaşma əldə olunmayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Vaşinqton   Seul   ABŞ   CənubiKoreya  





Xəbər lenti