“Qərb ölkələri Kaşoqinin qətlini ört-basdır edir” - Çavuşoğlu

“Qərb ölkələri Kaşoqinin qətlini ört-basdır edir” -  Çavuşoğlu
  22 Yanvar 2019    Oxunub:2050
Türkiyə səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda amansızcasına qətli ilə əlaqədar yaxın günlərdə beynəlxalq istintaq başlatmağa və bununla bağlı müvafiq addımlar atmağa hazırlaşır.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu cür bəyanatla çıxış edib. Bildirib ki, bəzi Qərb ölkələri Kaşoqinin qətlini ört-basdır etməyə çalışır, lakin buna rəğmən, ədalətin bərqərar olması üçün Ankara beynəlxalq istintaq prosesinə start verəcək.

“Bu cinayətin üstünü örtməyə çalışan Qərb ölkələri var. Və mən bunun səbəbini bilirəm. Biz bundan agahıq və hansı növ razılaşmaların bağlandığını da görürük. Görürük ki, mətbuat azadlığından danışanlar indi pul görəndən sonra bu cinayəti necə ört-basdır edirlər. Buna baxmayaraq, biz bu işdə sonadək gedəcəyik. Artıq yaxın günlərdə beynəlxalq istintaq prosesinin başladılması üçün hazırlıqlar görmüşük və zəruri addımlar atacağıq”, – deyə Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kaşoqinin qətlinə Səudiyyə kral ailəsinin yüksək vəzifəli şəxslərinin əmr verdiyini bildirmişdi. ABŞ Senatı isə Amerika kəşfiyyatının əldə etdiyi ciddi dəlillərə əsaslanaraq, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı Kaşoqi qətlində birbaşa əli və cavabdeh olmaqda günahlandıran qətnamə qəbul edib. Lakin rəsmi Ər-Riyad ittihamları indiyədək rədd edir. Hazırda Səudiyyə rəhbərliyi qətldə şübhəli bilinən 21 nəfəri istintaqa cəlb edib. Onlardan yalnız 11-i həbs olunaraq məhkəmə qarşısına çıxarılıb və 5-nə edam cəzası istənilib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Türkiyə   ABŞ  





Xəbər lenti