Daha bir “miqrant karvanı” ABŞ-a yollanır

Daha bir “miqrant karvanı” ABŞ-a yollanır
  21 Yanvar 2019    Oxunub:1279
400 nəfərdən ibarət daha bir “miqrant karvanı” Hondurasdan çıxaraq ABŞ sərhədlərinə doğru yol alıb.
Azvision.az xəbər verir ki, bu barədə “Telesur” telekanalı məlumat yayıb. Bildirilib ki, San-Pedro-Sula şəhərindəki avtobus dayanacağına toplaşan yüzlərlə miqrant ötən gün Qvatemala ilə sərhəd istiqamətinə yola düşüblər. Polisin məlumatına görə, artıq onların 150-dən çoxu sərhədə çatıb və sənədlərin yoxlanılmasını gözləyirlər.

Ötən həftənin cümə günü isə honduraslı 2 min miqrantdan ibarət digər bir karvan ABŞ-a keçmək üçün Qvatemalanın Meksika ilə sərhəddinə yaxınlaşmışdı.

Qeyd edək ki, ötən ilin oktyabrından etibarən Salvador, Qvatemala və Hondurasdakı zorakılıq və yoxsulluqdan qurtulmağa çalışan bir neçə karvandan ibarət minlərlə miqrant ABŞ-da sığınacaq tapmaq üçün Meksikadan keçərək Amerika sərhədlərinə gediblər. Bu proses indi də davam edir. Onların ölkəyə qanunsuz girişinin qarşısını almaq və cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ prezidenti Donald Tramp 15 min hərbçini Meksika ilə sərhəddə yığıb. Amerikaya buraxılmadıqlarını görən miqranların bir qismi ya öz evlərinə geri dönüblər, ya da Meksikada qalmaq qərarına gəliblər. Hazırda isə Meksika ilə sərhəd-keçid məntəqələrində təqribən 5 minə yaxın miqrant ABŞ-a keçmək üçün gözləyir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Meksika   Honduras   ABŞ   Miqrant  





Xəbər lenti