Ukrayna Rusiya ilə imzaladığı 49 müqaviləni ləğv etdi

 Ukrayna Rusiya ilə imzaladığı 49 müqaviləni ləğv etdi
  18 Yanvar 2019    Oxunub:1551
Ukrayna Rusiya Federasiyası ilə imzaladığı 49 müqavilədən çıxıb və yenə təqribən bu sayda müqavilədən çıxmağı planlaşdırır.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Pavel Klimkin keçirdiyi mətbuat konfransında bəyan edib.

“Son məlumata əsasən, Rusiya ilə olan 49 müqavilədə fəaliyyətimizi dayandırmışıq. Onlardan 2-si dövlətlərarası, 25-si hökumətlərarası, 19-u qurumlararası və 3-ü isə regionlarası müqavilələrdir. Bu işi davam etdirəcəyik. İndi ləğv etməyə hazırlaşdığımız daha 50 müqavilə var. Bu, belə desək, ikinci paketdir. Və biz Rusiya Federasiyası ilə aramızdakı bütün müqavilə bazasına yenidən baxırıq. Bizim prinsipimiz olduqca sadədir: Rusiya ilə müharibədən əvvəlki müqavilə bazası əsasında yaşaya bilmərik. Açıq şəkildə öz vətəndaşlarımızın maraqlarını rəhbər tutacağıq, amma bunu olduqca ardıcıl formada edəcəyik”, – deyə Klimkin vurğulayıb.

Qeyd edək ki, 2018-ci ilin 10 dekabrında Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsi ilə Rusiya arasındakı “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”nin qüvvəsinin dayandırılması barədə qanun layihəsini təsdiqləyib. Bu ilin 1 aprelindən həmin müqavilə qüvvəsini rəsmən itirəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti