Tramp Pentaqonda 9 ilin ilk hesabatını verəcək

  17 Yanvar 2019    Oxunub : 1218
 Tramp Pentaqonda 9 ilin ilk hesabatını verəcək
ABŞ prezidenti Donald Tramp bu gün Pentaqonda Amerikanın son 9 ildəki ilk hava hücumundan müdafiə hesabatını təqdim edəcək.

Azvision.az xəbər verir ki, bu barədə Tramp administrasiyasının yüksək vəzifəli rəsmisi bildirib.
Qeyd olunub ki, hesabat Tramp administrasiyasının daha əvvəl təqdim etdiyi milli təhlükəsizlik və müdafiə strategiyalarının müddəaları formasında tərtib edilib.

“Bu, 2010-cu ildən bəri ilk bu tip hesabatdır. Ötən müddət ərzində biz ətrafda vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini gördük. Beynəlxalq mühit daha çətin, ABŞ və onun müttəfiqləri üçün daha təhdidedici olub. Bu hava hücumundan müdafiə hesabatında Pentaqon raket istehsalı sahəsində ABŞ-ın mümkün rəqiblərinin potensialını göstərəcək” – amerikalı rəsmi deyib. Həmçinin vurğulayıb ki, hesabatda vaxtilə sabiq prezident Ronald Reyqanın “Ulduz Müharibələri” təşəbbüsü əsasında düşmənin ballistik raketlərini kosmosdan izləyə və vura biləcək kosmik sensorlu silahların hazırlanması da təklif ediləcək.

Xatırladaq ki, bu hesabatın dərci 2018-ci ilin mayına nəzərdə tutulsa da, daha sonra təxirə salınmışdı. İstisna edilmir ki, sənədin indi təqdim edilməsi həm də "Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında" müqavilə ilə bağlı Vaşinqtonla Moskva arasında yaranan gərginliklə əlaqədardır.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Pentaqon   HHM   ABŞ