Menbiçdə güclü partlayış: ABŞ hərbçiləri öldü - VİDEO (Yenilənib)

 Menbiçdə güclü partlayış: ABŞ hərbçiləri öldü -  VİDEO (Yenilənib)
  16 Yanvar 2019    Oxunub:3472
Suriyanın şimalında, Fərat çayının qərb sahilindəki Menbiç şəhərində baş vermiş partlayışda ölənlərin sayı 15-ə çatıb.

Azvision.az "Ahvalnews"a istinadən xəbər verir ki, onların 5-nin ABŞ hərbçisi olduğu bildirilir. Qeyd olunur ki, partlayışın baş verdiyi restoranda amerikalı hərbçilərin kürdlərlə görüşü nəzərdə tutulmuşdu.
Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.


****
Suriyanın şimalında, Fərat çayının qərb sahilində ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın patrul keçdiyi Menbiç şəhərində güclü partlayış törədilib. Nəticədə azı 9 nəfər ölüb, 20-si yaralanıb. Ölənlərdən 2-si amerikalı hərbçilərdir.

Azvision.az “Al-Jazeera”yə istinadən xəbər verir ki, ilkin ehtimala əsasən, özlərini partladan terrorçu-kamikadzelərin hədəfi yerli restoranlardan birinə yollanan ABŞ hərbçiləri olub. Partlayışın baş verdiyi an restoranda azı 15 amerikalı əsgərin olduğu vurğulanır.

Türkiyənin “Yeni Şafak” qəzeti isə bildirib ki, ölən ABŞ hərbçilərinin sayı 5-dir.

Hazırda ABŞ hərbi hava qüvvələrinə məxsus helikopterlərin yaralıları evakuasiya etdiyi bildirilir. İnsidentdən sonra Menbiçdə təhlükəsizlik qüvvələrinin sayı artırılıb, şəhər üzərində hərbi təyyarələrin uçuşu intensivləşib.

Partlayışa görə hələik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.



Qeyd edək ki, Suriyanın Menbiç bölgəsi 2016-cı ilin avqustundan etibarən kürd silahlı qruplaşmalarının nəzarətindədir. Onların İŞİD-lə mübarizə apardığını deyən ABŞ isə bu qruplaşmalara hərbi-maliyyə dəstəyi göstərir. 2018-ci ilin iyununda Türkiyə ilə ABŞ Menbiçin İŞİD terrorçularından təmizlənməsindən sonra kürd silahlılarının şəhərdən çıxarılmasına dair “yol xəritəsi” üzrə razılığa gəlsələr də, plan hələ də tam icra edilmir. Hazırda Türkiyə və ABŞ hərbçiləri Menbiçdə birgə patrul aparırılar.

Onu da bildirək ki, Menbiç də daxil olmaqla kürdlərin nəzarətində olan şimali Suriyada 2 min ABŞ hərbçisi var. Ötən ilin sonunda ABŞ prezidenti Donald Tramp Suriyadakı Amerika qoşunlarının tamamilə geri çıxarılması barədə qərar qəbul edib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Suriya   Menbiç   ABŞ  





Xəbər lenti