İrandan Niderlanda etiraz notası - Səfir XİN-ə çağırıldı
“Niderlandın səfiri İran XİN-in Avropa departamentinin birinci rəhbəri tərəfindən nazirliyə çağırılaraq, ona qəti etiraz ifadə olunub. İranın etirazı bəzi anti-inqilabi və separatçı əhvallı şəxslərin İranın Haaqadakı səfirliyinə hücumu ilə əlaqədardır. Bu cür hücumlar və onların qarşısını almaq istiqamətində Niderland polisinin qeyri-adekvat tədbirləri keçmişdə də baş verib. Biz Amsterdamı diplomatik əlaqələr haqqında Vyana konvensiyaları çərçivəsində ciddi addımlar atmağa və İran İslam Respublikasının Haaqadakı diplomatik missiyasının təhlükəsizliyini təmin etməyə çağırırıq. ” – bəyanatda vurğulanır.
Qeyd edək ki, ötən həftə naməlum şəxslər İranın Niderlanddakı səfirliyinin binasını daşa basaraq pəncərələrin şüşələrini sındırıb və binaya daxil olmağa çalışıblar. Rəsmi Tehran iddia edir ki, hücumçular “Əl-Əhvaz” terror təşkilatının üzvləridir. İran rəhbərliyi Amsterdamdan səfirliyin binasının və əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsini və cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb edir.
Leyla Elbrusqızı
Azvision.az