Almaniyada etirazlar: Yüzlərlə reys təxirə salınıb

  15 Yanvar 2019    Oxunub : 1109
 Almaniyada etirazlar: Yüzlərlə reys təxirə salınıb
Almaniyanın iri şəhərlərinin hava limanlarında çalışan təhlükəsizlik xidməti işçilərinin keçirdiyi etiraz aksiyaları nəticəsində yüzlərlə təyyarə reysinin təxirə salınması 220 min sərnişinin uçuç planlarını riskə atıb.
Azvision.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, Almaniyanın ictimai sektorunda çalışan işçilərin “Verdi” Həmkarlar İttifaqının təşkilatçılığı ilə bu günə təyin olunan irimiqyaslı tətil aksiyalarına artıq gecə saatlarından Hamburq, Hannover və Bremen hava limanlarında start verilib.

Frankfurt-Mayn, Münhen, Leypsiq, Drezden və Erfurt hava limanlarının təhlükəsizlik xidməti əməkdaşları isə işlərini bir neçə saatlığa dayandırıblar. Qeyd olunur ki, təkcə Frankfurt-Mayndakı etirazlarda hava limanının 5 min işçisi iştirak edir və 570 reys təxirə salınıb.

“Almaniyanın hava nəqliyyatı şəbəkəsi bu gün iflic ola bilər” – Almaniya mülki hava limanlarının birliyi bəyan edib.

Xatırladaq ki, ötən həftədən etibarən Almaniyanın Düsseldorf, Köln və Ştutqart kimi iri şəhərlərindəki hava limanlarının təhlükəsizliyini qoruyan əməkdaşlar gördükləri ağır və riskli iş müqabilində az məvacib aldıqlarını və bu səbəbdən də əmək haqqlarının artırılmasını tələb edirlər. Onların etiraz olaraq tətil etməsi nəticəsində 643 təyyarə reysi təxirə salınmışdı ki, bu da gündəlik 115 min sərnişinin uçuş planlarına ciddi təsir etmişdi.

Hazırda Almaniya hava limanlarının təhlükəsizlik xidməti əməkdaşları gördükləri bir saat iş müqabilində 15-17 avro əmək haqqı alırlar. “Verdi” Həmkarlar İttifaqı isə bir saatlıq işə görə verilən məvacibin 20 avroyadək artırlmasını tələb edir. İttifaqın sədri Frank Bsirsk bəyan edib ki, yanvarın 23-də əmək haqqlarının artırımasına dair yeni danışıqlara başlayacaqlar.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Almaniya   Aksiya