ABŞ İrana görə digər ölkələrə möhlət verməyəcək

  12 Yanvar 2019    Oxunub : 1153
 ABŞ İrana görə digər ölkələrə möhlət verməyəcək
ABŞ Tehrana qarşı saksiyalarını bərpa etdikdən sonra daha İran neftinin idxalı ilə bağlı digər ölkələrə möhlət verməyəcək.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk Birləşmiş Ərəb Əmirliklərində keçirdiyi mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, İrana qarşı enerji sanksiyaları 2018-ci ilin 4 noyabrında qüvvəyə minməzdən öncə ABŞ-ın 8 ölkəyə (Çin, Tayvan, Hindistan, Cənubi Koreya, Türkiyə, İtaliya, Yunanıstan və Yaponiya) sanksiyalardan 180 günlük möhlət verməsi dünya neft bazarında qiymət sıçrayışının qarşısını almaq məqsədi daşıyırdı.

Lakin Huk 2019-cu ilin mayında bu müddət başa çatdıqdan sonra Vaşinqtonun hansı tədbirlərə əl atacağını deməyib.

Qeyd edək ki, bundan əvvəl İranın neft nazirinin müavini Əmir Hüseyin Zamaniniyə ABŞ-ın möhlət verdiyi ölkələrin sanksiyalara görə İrandan daha çox neft almaq istəməmələrinə və Vaşinqtonun İran neft bazarına təzyiqlər vasitəsilə Tehranın neft gəlirlərini sıfıra endirmək niyyətinə baxmayaraq, İranın özünə yeni neft bazarları tapdığını bəyan edib. Lakin konkret hansı ölkələrdən söhbət getdiyinə aydınlıq gətirməyib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: İran   ABŞ