Paşinyan Xaçaturova görə qorxuya düşüb

 Paşinyan Xaçaturova görə qorxuya düşüb
  10 Yanvar 2019    Oxunub:2182
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi Yuri Xaçaturovun Ermənistanda 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunaraq vəzifəsindən kənarlaşdırılmasına, həbs edilərək yenidən sərbəst buraxılmasına rəğmən son aylar Nikol Paşinyan hökuməti onun iştirakilə heç bir istintaq aparmayıb.
Azvision.az xəbər verir ki, bu barədə vəkil Miqran Poqosyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Kassasiya Məhkəməsinin birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarla bağlı verilən şikayətə baxması və ya imtinası üçün nəzərdə tutulan müddət artıq bitib, lakin hələ də ortada qərar yoxdur.

“Təəccüblənmərəm ki, Kassasiya Məhkəməsi şikayətə baxmamaq qərarına gəlsin. Məhkəmə bu işə qiymət verməkdən qaçır” – Poqosyan bildirib.

Erməni KİV-lərində yayılan məlumata əsasən, telefon söhbətilə bağlı gizli səs yazısı yayıldıqdan sonra hər kəsə bəllidir ki, baş nazir səlahiyyətlərinin icraçısı Paşinyan ədliyyə sisteminə təzyiqlər və hakimlərin çıxardığı qərarlara birbaşa müdaxilə edir. Həmin səs yazılarında Paşinyan Rusiyanın qorxusundan Xaçaturovla bağlı məsələnin hələlik bir kənara qoyulmasını və diqqəti yayındırmaq üçün Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsi barədə işlərin sürətləndirilməsini tapşırmışdı. İstisna edilmir ki, Paşinyan Moskvanı növbəti dəfə qıcıqlandırmamaq üçün Xaçaturovla bağlı nə qərar verəcəyini dəqiqləşdirmədiyindən, əmr gözləyən hakimlər də hərəkətsiz qalıblar.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   KTMT   Rusiya  





Xəbər lenti