Suriyadan kürdlərlə bağlı ilk rəsmi açıqlama – Moskvadakı “yol xəritəsi”

 Suriyadan kürdlərlə bağlı ilk rəsmi açıqlama –    Moskvadakı “yol xəritəsi”
  09 Yanvar 2019    Oxunub:2233
Suriya hökuməti rəsmi Dəməşqlə siyasi razılığa gəlmək istəyən kürd qruplaşmaları ilə dialoqa optimist baxır və Rusiyanın vasitəçiliyi ilə bu istiqamətdə müəyyən irəliləyişlər əldə olunub.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, son zamanlar kürdlərlə aparılan danışıqlarla bağlı Dəməşqdən gələn bu ilk rəsmi açıqlamanı Suriya xarici işlər nazirinin müavini Feysəl Mekdad verib.

Türkiyənin yeni hərbi əməliyyatlarından qorunmaq üçün kürdlərin Bəşər Əsəd qüvvələrini Suriyanın şimalına dəvət etməsilə bağlı aparılan danışıqlarda hansısa irəliləyişin olub-olmadığına dair sualı cavablanan Feysəl bildirib:

“Hesab edirəm ki, biz həmişə optimist olmalıyıq. Keçmiş təcrübələrimiz ürəkaçan olmayıb. Amma indi məsələlər öz nəticəsini tapır. Kürdlər Suriya dövlətinin və millətinin tərkib hissəsidir və indiki şərtlər onların dövlətə sarı dönmələri üçün əlverişlidir. Biz siyasi qrupları Suriya dövləti ilə dialoqda səmimi olmağa təşviq edirik, çünki bunun alternativi yoxdur.”

Mekdad onu da vurğulayıb ki, bütün xarici qüvvələr Suriyanı tərk etməlidirlər.

Qeyd edək ki, Suriyanın şimalındakı kürd silahlı birləşmələri bu günlərdə Moskvada Rusiya Xarici İşlər Nazirliyinin binasında keçirdikləri görüşlərdə Dəməşqlə razılıq əldə olunması üçün “yol xəritəsi” təqdim etdiklərini bildiriblər. Əgər belə bir razılaşma alınarsa, Bəşər Əsəd 8 ildir parçalanan Suriyaya vahid dövlət nəzarətini bərpa edəcək və yalnız Suriyanın ucqar şimal-qərbindəki ərazilər Türkiyənin dəstəklədiyi silahlı müxalifətin əlində qalacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Türkiyə   Rusiya   Kürd  





Xəbər lenti