Ağ Evdə növbəti kritik görüş

 Ağ Evdə növbəti kritik görüş
  09 Yanvar 2019    Oxunub:1603
ABŞ prezidenti Donald Tramp ümid edir ki, bu gün Konqressin liderlərilə keçirəcəyi görüşdən sonra “şatdaun” prosesinə son qoyulacaq.
Azvision.az xəbər verir ki, bu barədə Tramp özü televiziya ilə müraciətində deyib.

“Problemin yeganə həlli odur ki, demokratlar bizim sərhədlərimizi qoruyacaq və hökuməti açacaq gəlirlər haqqında qanunu qəbul etsinlər. Bu vəziyyət keçirəcəyimiz 45 dəqiqəlik görüşdə həll oluna bilər. Mən bunu etmək üçün Konqressin liderlərini dəvət etmişəm” – Tramp bəyan edib.

ABŞ prezidenti onu da əlavə edib ki, demokratlara güzəştə getməyə hazırdır və artıq Meksika sərhəddə tikiləcək divarın betondan olmasında israr etmir. Onun sözlərinə görə, divarın polad hasarlar formasında olmasına da razıdır.

Qeyd edək ki, ABŞ hökumətinin bəzi nazirlikləri - Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi, Ədliyyə, Nəqliyyat, Kənd-Təsərrüfatı və digər nazirliklər büdcə çatışmazlığından öz işini dayandırıb. “Şatdaun” adlandırılan bu prosesin səbəbi Trampın Meksika ilə sərhəddə divarın tikintisi üçün 5 milyard dollar vəsait ayrılmasını tələb etməsidir. Belə ki, Trampın tələbi Konqressdə respublikaçılarla demokratlar arasında büdcə danışıqlarının iflasa uğraması və 2019-cu maliyyə ili üçün ABŞ dövlət büdcəsinin hələ də qəbul edilməməsi ilə nəticələnib. Demokratlar sərhəd təhlükəsizliyinin təmini üçün əlavə olaraq yalnız 1,3 milyard dollar ayıra biləcəklərini deyiblər.

Tramp isə bildirib ki, əgər demokratlar kompromisə gəlməsələr, ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edəcək. Onun sözlərinə görə, bu cür rejimdə ABŞ-ın Meksika ilə sərhədindəki “divar çox sürətlə tikiləcək”.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Meksika   Konqress   ABŞ  





Xəbər lenti