Yaponiyanı tərk edənlər vergi ödəyəcəklər

Yaponiyanı tərk edənlər vergi ödəyəcəklər
  07 Yanvar 2019    Oxunub:1577
Bu gündən etibarən Yaponiyanı dəniz nəqliyyatı və ya təyyarə ilə tərk edən hər bir sərnişin ölkədən çıxdıqlarına görə yeni vergi ödənişi etməli olacaqlar. 1000 yen (təqribən 10 ABŞ dolları) məbləğində olan yeni vergi bütün ölkələrin vətəndaşlarına şamil ediləcək.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Maliyyə Nazirliyi bəyanat yayıb.

Bu gündən qüvvəyə minən qərarda vergi ödənişindən istisnalar yalnız gəmilərin və təyyarələrin işçi heyətinə, Yaponiyadan deportasiya edilənlərə, 2 yaşınadək uşaqlara, tranzit sərnişinlərə, dövlətə məxsus xüsusi reyslərlə səfərlərə çıxan diplomatlar və sərnişinlərə, həmçinin, əlverişsiz hava şəraitinə görə Yaponiya hava və dəniz limanlarına məcburi eniş və giriş edən xarici ölkələrin gəmi və təyyarələrinə şamil olunacaq.

7 yanvaradək biletlərini alanlar da bu dəfə Yaponiyadan çıxarkən yeni vergi tutmasından azad ediləcəklər.

Yaponiya hökumətinin bu qərarı turizmdən əldə olunan dövlət gəlirlərinin artırılması məqsədi güdür. Hökumətin apardığı hesablamalara əsasən, 2020-ci ilədək Yaponiyaya orta hesabla 40 milyon turist gələcək ki, bu da büdcəyə böyük məbləğdə vəsaitin daxil olması deməkdir. Maliyyə Nazirliyi bildirib ki, yeni vergi tutmasından əldə olunan pullar insan üzünün avtomatik tanınması sisteminin tətbiqi sayəsində Yaponiya beynəlxalq hava limanlarının nəzarət-keçid qabiliyyətinin yaxşılaşdırılmasına, turistik məkanların cəlbediciliyinin artırılması və turistlərin daha dolğun informasiya və xidmətlə təmin edilməsinə xərclənəcək.

Leyla Elbrusqızı
Azvision.az





Teqlər: Yaponiya  





Xəbər lenti