ABŞ-la Çin yenidən müharibə astanasında

ABŞ-la Çin yenidən müharibə astanasında
  07 Yanvar 2019    Oxunub:1669
Çin rəhbərliyinin mütəmadi xəbərdarlıqlarına baxmayaraq, ABŞ hərbi dəniz qüvvələrinə məxsus “McCampbell” raket esminesi Pekinin Cənubi-Çin dənizində ərazi iddiası irəli sürdüyü mübahisəli Parasel adalarının yaxınlığından keçib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Sakit okeanı hərbi donanmasının mətbuat katibi Reyçel MakMarr bəyanat yayıb. Onun sözlərinə görə, ABŞ hərbi gəmisi Pekinin Cənubi-Çin dənizindəki hədsiz iddialarına qarşı və “dəniz nəqliyyatının sərbəstliyinin təmini üzrə əməliyyatlar” çərçivəsində mübahisəli adalardan 19 kilometr aralıqda üzüb.

Bəyanatda vurğulanıb ki, bu əməliyyat hansısa ölkəyə qarşı çevrilməyib və siyasi mahiyyət daşımır.

Ekspertlərin fikrincə, hazırda Pekində ABŞ-Çin ticarət danışıqlarının getdiyi bir vaxtda Vaşinqtonun belə bir addımı gərginliyi daha da artıra bilər.

Qeyd edək ki, Çin hakimiyyəti öz ərazisi hesab etdiyi bölgələrə və Cənubi-Çin dənizindəki mübahisəli adaların yaxınlığına gəmilərini göndərməmək barədə Vaşinqtona dəfələrlə xəbərdarlıq edib. Böyük həcmdə karbohidrogen ehtiyatlarının aşkarlandığı Cənubi-Çin dənizindəki bir sıra adalara Çinlə yanaşı, Vyetnam, Bruney, Malayziya və Filippin də iddia edir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Sakitokeanı   Çin   ABŞ  





Xəbər lenti