Tramp demokratları hədələdi: “Şatdaun” illərlə davam edəcək

Tramp demokratları hədələdi:  “Şatdaun” illərlə davam edəcək
  05 Yanvar 2019    Oxunub:2128
ABŞ prezidenti Donald Tramp büdcə böhranı səbəbindən federal hökumətin bir sıra orqanlarının işinin qismən dayandırılması (“şatdaun”) prosesinin hələ uzun müddət davam etməsinə hazır olduğunu deyərək demokratları hədələyib.

Azvision.az xəbər verir ki, bu barədə demokrat senator Çak Şumer bəyan edib.
Onun sözlərinə görə, Tramp ötən gün Ağ Evdə demokratların lideri ilə görüşündə “şatdaun” prosesinin aylarla, hətta illərlə davam etməsinə hazır olduğunu bildirib. Lakin bununla belə, Tramp büdcə böhranı üzrə danışıqların növbəti raundunu “olduqca məhsuldar” adlandırıb.

ABŞ prezidenti ilə görüşdən sonra demokratların lideri Nensi Pelosi isə vurğulayıb ki, dünənki görüş mübahisəli xarakterli olub. Buna rəğmən, tərəflər danışıqları davam etdirməyə razılaşıblar.

Ağ Evdən bildirilib ki, Trampla Konqress nümayəndələrinin növbəti görüşü bu gün baş tutacaq.

Qeyd edək ki, 3 dekabrda Konqressin Nümayəndələr Palatası mübahisələri üzündən işini dayandırmağa məcbur olan bir sıra federal nazirliklərin maliyyələşməsinə dair qanun layihəsini təsdiq edib. Konqressmenlər xüsusən də, 8 fevraladək ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə maliyyə ayrılmasının vacibliyini vurğulayıblar. Həmin vaxtadək isə ABŞ-ın Meksika ilə cənub sərhədlərinin qanunsuz miqrant axınlarından müdafiəsi məsələsi üzrə kompromis tapmağa çalışacaqlar. Lakin demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini respublikaçıların nəzarətində olan Senat təsdiqləməlidir. Qarşı tərəf isə Trampın razı qalmadığı qanunu müzakirəyə çıxarmayacaqlarını bəyan ediblər.

Xatırladaq ki, ABŞ hökumətinin bəzi nazirlikləri - Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi, Ədliyyə, Nəqliyyat, Kənd-Təsərrüfatı və digər nazirliklər büdcə çatışmazlığından öz işini dayandırıb. “Şatdaun” adlandırılan bu prosesin səbəbi Trampın Meksika ilə sərhəddə divarın tikintisi üçün 5 milyard dollar vəsait ayrılmasını tələb etməsidir. Belə ki, Trampın tələbi Konqressdə respublikaçılarla demokratlar arasında büdcə danışıqlarının iflasa uğraması və 2019-cu maliyyə ili üçün ABŞ dövlət büdcəsinin hələ də qəbul edilməməsi ilə nəticələnib. Demokratlar sərhəd təhlükəsizliyinin təmini üçün əlavə olaraq yalnız 1,3 milyard dollar ayıra biləcəklərini deyiblər. Tramp isə ümid edib ki, federal hökumətin işini dayandırması uzun sürməyəcək və demokratlar Meksika ilə sərhəddin möhkəmlənməsinə səs verəcəklər.

ABŞ qanunvericiliyi büdcə təsdiq olunmadan federal hökumətə işləməyi qadağan edir. Federal hökümətin qismən bağlanması nəticəsində 380 min işçi pulsuz məzuniyyətə göndərilib. Hazırda işləyən digər 420 min nəfər isə yalnız büdcə ilə bağlı mübahisə öz həllini tapandan sonra maaşlarını ala biləcəklər.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Konqress  





Xəbər lenti