“Etibar Pirverdiyevin mənə yazığı gəldi…”- Efir KURYOZLARI

“Etibar Pirverdiyevin mənə yazığı gəldi…”- Efir KURYOZLARI
  06 Noyabr 2013    Oxunub:10422
“Danışa bilmirdim, elə bildim zəlzələ oldu, ayağım qan içində idi”
Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 1926-cı il noyabrın 6-da Azərbaycan Radiosu fəaliyyətə başlayıb və o gündən həmin tarix radio işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Azərbaycan Televiziyası yaranandan sonra isə bu gün təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi tarixə düşüb.

Elə bu münasibətlə AzVision.az bir neçə tanınmış televiziya aparıcının efir xatirələrindən maraqlı nüansları təqdim edir.

Daima efirə material tapmaq üçün ora-bura qaçan, informasiyanı vaxtında verə biləcəyəmmi, çəkiliş baş tutacaqmı deyə həyacanlanan televiziya əməkdaşları bəzən kuryozlarla da qarşılaşırlar.

“Xəzər” telekanalının aparıcısı Billurə Aslan bu kuryozların şirin xatirələrini bizimlə bölüşüb.

Gülməkdən özümü güclə saxladım

Əvvəlcə, onu qeyd edim ki, televiziyanı çox sevirəm. Bura mənim sadəcə iş yerim deyil. Televiziya işi mənə həyatı olduğu kimi göstərən, mənə həyatı öyrədən, məni böyüdən və möhkəmlədən,bəzən incidən, bəzən sevən, amma mənim hər zaman sevdiyim, qürur duyduğum, məni mübarizəyə və inkişafa səsləyən dəyişməz sənətim və peşəmdi. Kadrda, yaxud kadr arxasında həmişe öz işimi sevərək, vicdanla və peşəkarcasına yerinə yetirmişəm.

Televiziya işinə müxbir kimi hələ 90-ci illerin sonunda AzTV-də başlamışam. Tematik sujetlər hazırlamışam. Sonra Samanyolu Televiziyasının Bakı bürosunda xəbər aparıcısı və reportyor kimi çalışmış, eləcə də sənədli filmlər hazırlamışam. TRT Bakı bürosunda aparıcı, Antenn FM radiosunda informasiya aparıcısı və Xəzər Televiziyasında aparıcı və redaktor kimi çalışmışam. İstər canlı efirdə, istərdə videoyazı verilislərində yetərincə maraqlı, həyəcanlı, hətta gülməli hadisələr yaşanıb. Xəzər Televiziyasında həftə içi 5 gün efirə çıxan "Yaxşısı budur" verilişində aparıcı olarkən, ağır çəkili bir sənətçi qonağımız var idi. Mən podiumdakı divanda əyləşib onun ifasını dinləyirdim. İfa bitən kimi təşəkkür edib onu ansamblın yanından podiuma oturmağa dəvət etdim. Bu zaman kamera iri planda məni gostərirdi. Qonaq podiuma qalxarkən təkərcikli podium ağırlığa dözməyib hərəkət etdi. O an sanki zəlzələ varmış kimi iri planda olan mənim simam kadrdan çıxdı və gülməyimi zorla boğa bildim.

Müğənni monitorda özünü yox, ayaqlarını görəndə…

Bir dəfə isə elə o podiumda tanınmış bir müğənni mahnı ifa edirdi. Qarşıda iri monitorda özünü də izləyir və operatorların işini nəzərə alırdı. Birdən hərəkətli kadrlar çəkən operatorun ayağı büdrədi və kamera əlində yıxıldı. Müğənni monitorda özünü yox ayaqlarını görəndə ele oxuya-oxuya əyilməyə çalışdı ki, kadrda görünsün.

ANS-in keçmiş əməkdaşı Məhsəti Şərif isə hazırda ana olduğu üçün çalışmasa da televiziyada qarşlışadığı maraqlı hadisələri hələ də unutmayıb:

Xəbərin sonunda gördüm ki, ayağım əsir

ANS-də işləyəndə bir dəfə efir yenicə başlamışdı ki, stul qırıldı. Hiss etdim ki, stul altımdan gedir, bir az da gec tərpənsəm yıxılacam. Xəbəri oxuya -oxuya ayaqqablarımı çıxartdım və ayağa qalxmağa başladım.
Mən də uzun, rəsmi xəbər oxuyurdum. Özümü oturaq vəziyyətdə göstərmək üçün dizimi qatladım və başladım davam etməyə. Artıq xəbərin sonunda gördüm ki, ayağım əsir. Sonra reportaj başlığı oxudum, efire reportaj girdi və stul dəyişildi.

İzi hələ də dizimdə qalır

Bir dəfə də bazar günü xəbərləri idi. Efirə 5 dəqiqə qalmış qaça-qaça böyük studiyaya getdim ki, tez də qayıdım. Qayıdanda pilləkəndən yıxıldım ayaqqabımın iki dabanı da qırıldı, ayaqqabım ayağımdan çıxıb hara düşdü heç onu da bilmədim. Dizimdən qan tökülə-tökülə özümü efirə çatdırdım.

Ağrıdan rəngim qaralmışdı. Anons və ilk xəbəri oxudum. Reportaj efirə girəndə qışqırdım ki, ölürəm. Ayağım qan içində idi. O gün axşamadək evdən ayyaqabı gözlədim. O yıxılmanın izi hələ də dizimdə qalır.

Pirverdiyevin mənə yazığı gəldi

Sabirabad daşqınları zamanı ora ezam olunmuşdum. Etibar Pirverdiyev isə həmin vaxt Sabirabada gəlmişdi. Hava da ele isti idi ki, nəfəs ala bilmirdim. O da başqa kənddə idi. Ondan müsahibə almaq üçün operatorla o biri kənddən piyada qaçdıq. Çünki müsahibə almaq çox vacib idi. O qədər qaçdım Pirverdiyevə çatanda nə qədər etdim danışa bilmədim. İndi nə edirəmsə, ağzımdan sual çıxmır.

Onun mənə yazığı gəldi, su verdi sonra da papağını cıxarıb başıma qoydu ki, özünə gəl . Bir az sonra musahibə ala bildim.

Hazırda Space telekanalında”Üz-üzə” verlişinin aparıcısı olan Azadə Balayeva isə keçmiş iş yeri olan ANS telekanlında başına gələnləri danışıb:

Kassetləri redaksiyada qoymuşduq

“ANS –də “Ötən həftə” proqramında çalışırdım. Mir Şahin müəllim mənə çox vacib bir tapşırıq vermişdi. Qeyri- qanunu kürü satışı ilə bağlı gizli çəkiliş etməliyidik. Mən də həmin vaxt televiziyaya təzə gəlmişdim. Qayda qanunları çox da yaxşı bilmirdim. Getdik çəkiliş yerini, hər şeyi müəyyənləşdirdik. Çəkilişə başladığımız anda müəyyən oldu ki, kasetlər yoxdur , onları redaksiyada qoymuşuq. Bir Allah bilir ki, necə halım dəyişdi. Sonra çox çətinliklə həmin çəkilişi etdik. .

Aparıcıya çaşıb “ay can” dedim

Bir dəfə də yadımdadır ki, Elmlər Akademiyası tərəflərdə bina uçmuşdu. Mən də ora çəkilişə göndərilmişdim. Redaksiya ilə canlı bağlantı yaratmaq lazım idi. O qədər həyacanlı olmuşam ki, aparıcı məni efirdən çağıranda ona qayıdıb demişəm ki, “ay can”. Canlı yayıma elə də düşdü.

“Ağıl dəryası” verlişinin aparıcısı Zəhra Osmanova çox hadisəni xatırlasa da verlişdəki bir surpirizi hələ də unutmayıb.

Sevdiyim qızdan “hə” cavabı alacam

“Bir il bundan əvvəl “Ağıl dəryası” verlişinə bir uşaq gəldi. Verilişdən əvvəl özünü təqdim etməli idi. O özünü təqdim edəndə dedi ki, mən bura evlənmək üçün gəlmişəm. Produsserimiz Elçinlə şoka düşdük ki, bu nə danışır. Başa saldıq ki, ay bala bura yarışmadır.

Dedi ki, bilirem bu yarışma verlişdir, evlənmə verlişi deyil. Sadəcə mən sevdiyim qıza demişəm ki, qalib gəlsəm səndən “hə” cavabı alacam. Ona görə də mən istəyirəm ki, siz mənim əvəzimdən elçi gedəsiniz. Birinci dəfə idi belə bir şey olurdu deyə çox təccüblənmişdik. Dedik ki, yaxşı sən gəl keç sonrasına baxarıq elçi gedəcəyik, yoxsa yox. Sonralar elə həmin şagirdə verlişimizin məcnunu deyirdik.

Efirdə yıxıldığım anlar da olub

Sadəcə onu diqqətli tamaşaçı görə bilərdi. Televizyada işləməyin özü maraqlıdır. Bilmirsən ki, bir saatdan sonra səni nə gözləyəcək. İndi evdə oturmuşam çox darıxıram. Deyirəm ki, uşağımı tez böyütsəydim yenidən işimə qayıdardım.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti