`Sehirli xalat`ın Zərifəsi: `Anam aktrisa olmağa qoymadı` - VİDEO

`Sehirli xalat`ın Zərifəsi: `Anam aktrisa olmağa qoymadı` - VİDEO
  06 Noyabr 2013    Oxunub:19319
Bir müddət axtarışdan sonra sovet kinematoqrafiyasının uşaq ulduzunu və çoxlarımızın yaddaşında , “Zərifə gülümsə” ifadəsi ilə qalan “Sehirli xalat”ın “Zərifə”sini nəhayət ki, tapdıq. Üzərindən 50 il keçməsinə baxmayaraq, “Zərifə” nin təbəssümü elə həmənki təbəssüm idi...

AzVision.az 63 yaşlı Solmaz Hətəmovanın (Zərifə) müsahibəsini oxuculara təqdim edir.

- Əvvəlcə “Zərifə” ni tanıyaq...


- Biz Bakıda Azərbaycan Dram Teatrının arxasındakı binada yaşayırdıq. 150 nömrəli rusdilli məktəbdə oxumuşam. Həmçinin musiqi məktəbini də qurtarmışam. “Zaqafqaziya” müsabiqələrində birinci yeri tutmuşam. Həmişə istəyirdim, gələcəkdə müğənni olum, amma estrada müğənnisi yox. Musiqi məktəbində, xorda iştirak edirdim, xorun solisti idim. Xor müəlliməm deyirdi ki, sənin çox gözəl səsin var, səndən gözəl opera müğənnisi ola bilər. Bizim dövrdə, 1962-1963-cü illərdə müğənni olmaq yaxşı sənət hesab olunmurdu. Ona görə də evdən də icazə vermirdilər.

10-15 il bundan qabaq bir məclisdə oturmuşduq, orada mənimlə eyni sinifdə oxuyan qız məni gördü, uşaqlarıma dedi ki, bilirsiniz, onun necə səsi var idi. Biz gəlirdik, sinfin arxasında, onun səsinə qulaq asırdıq,necə oxuyur . Elə oldu ki, o sənətlə getmədim, həkim olmaq istəyirdim, amma Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmadım, Azərbaycan Dövlət Neft Akademiyasının iqtisadiyyat fakültəsinə daxil oldum. O sənəti də sevmirdim, çünki həkim olmaq arzum idi.

- `Sehirli xalat`a yolunuz necə düşdü?

- `Sehrli xalat`a çəkiləndə altıncı sinifdə oxuyurdum. Təxminən aprel-may ayları idi. Qızlar təzə-təzə “çolka” kəsirdilər, məktəbdə saç kəsməyə icazə vermirdilər. Saç yığılmalı, “bantik” vurulmalı idi, qızlar ağ yaxalıqla gəlməli idilər. Direktorumuz gəlib dedi ki, məktəbə komissiya gələcək. Qızların hamısı saçlarına “bantik” vurub, gəlsinlər. Mən də anam icazə vermədən, özüm-özümə “çolka” kəsmişdim. Özdə düz kəsməmişdim, əyri idi. Səhəri dərsdə oturmuşduq, direktor iki nəfərlə sinifə daxil oldu.. Onlardan biri rəhmətlik Hamlet Qurbanov idi. O vaxt rejissorun köməkçisi işləyirdi. Yanında da balaca boy bir oğlan var idi. Mən də sinifdə birinci partada otururdum. Elə fikirləşdim ki, komissiya gəlib, yavaş-yavaş aşağı əyildim ki, məni görməsin.



Onlar hamıya diqqətlə baxdılar. Gördük ki, qızlara baxırlar. Deyirdim ki, komissiyadır, indi hamını bir-bir bayıra çıxarıb biabır edəcəklər. Sinfimizdə gözəçarpan bir qız vardı, arxada oturmuşdu. Onu qaldırdılar. Soruşdular neçə yaşın var? Dedi ki, 13. Elə sinifdən çıxhaçıxda Hamlet Qurbanov məni gördü, dedi ki, balaca qız, sən də dur ayağa. Soruşdu sənin neçə yaşın var, qorxumdan 13 yox, 14 dedim. Elə fikirləşdim, 14 olsa, deyərlər hə, sənə “çolka” kəsmək olar.

Biz çıxdıq bayıra. Direktor, müəlliməmiz dayanmışdılar,bizə bildirdilər ki, sabah saat 11-də kinostudiyaya gedək. Dedim ki, vay aman, bizi biabır edəcəklər, televizorda göstərəcəklər, anam məni öldürəcək. Qorxa-qorxa soruşdum ki, niyə? Dedilər sizi kinoya çəkmək istəyirik, sınaq çəkilişinə gəlməlisiniz. O qızın adı Afət idi. Onu baş rola çəkməyə dəvət edirdilər, məni isə balaca qız, Səidə roluna. Biz foto və kino sınağı keçdik, bir aya yaxın sınaq çəkilişləri oldu. Anam sınaqlara getməyə icazə vermirdi. Amma belə qərara gəldilər ki, eybi yox, uşaqdır, qoy gedib, çəkilsin. Hələ onda bilmirdik, Zərifə rolunda çəkiləcəyəm. Səidə rolu balaca idi, evdə razılığa gəldilər ki, balaca roldur, həm də yay tətilidir, çəkilsin, məktəbdən də geri qalmaz.

Sınaq çəkilişlərinin sonunda rejissorumuz soruşdu ki, sən ssenarini oxudun? Dedim, hə. Hansı rolda oynamaq istədiyimi soruşdu. Dedim ki, bilmirəm. Mən başa düşmürdüm, baxırdım, hər şey xoşuma gəlirdi. Rejissor dedi ki, istərdin Zərifə rolunu oynayasan? Dedim ki, Zərifə rolu çox böyükdür, mənə icazə verməzlər, evdən. Dedi ki, səhər ananla gəl. Səhəri gün anamla kinostudiyaya gəldik. Əlisəttar müəllim anama bildirdi ki, sizin qızı baş rola təsdiq etmişik, icazə verəcəksiniz çəkilişə? Anam dedi bilmirəm. Soruşdu ki, nə qədər çəkər? Rejissor dedi ki, hər halda sentyabra qədər bitirərik. Anam istəyirdi ki, dərslərdən, musiqi məktəbindən geri qalmayım. Sonda icazə verdi ,beləliklə, kinoya gəldim.

- Sizi ancaq Zərifə obrazında gördük...

-Aktrisa olmaq istəmirdim. Onda da uşaq idim, heç nə başa düşmürdüm. Biz “Sehirli xalat”a çəkilə-çəkilə başqa filmlərə də dəvət edirdilər. Hətta filmin son çəkilişlərinə yaxın Odessa kinostudiyasından gəlib, bizi filmə çəkmək istəyirdilər. Azər gedib həmin filmə çəkildi. Xarici bir film idi, ərəb şahzadəsini oynayırdı. Məni də dəvət etdilər, amma evdən icazə vermədilər. Sonra Yuqoslaviya və Sovetlər Birliyi arasında birgə film çəkilirdi. Azər həmin filmə də çəkildi.



- Sizin üçün `Sehirli xalat`ın çəkilişi nə qədər sürdü?

- Mənim üçün filmin çəkilişi 5 ay davam etdi. Azər bir ay məndən artıq olub. Onun keçmişdə də çəkilişləri var, amma mənim yoxdur.

- 5 ay müddətində hansı çətinlikləriniz oldu?

- Çətinliklər çox idi. Bizim filmdə məşhur aktyorlar iştirak edib. Gəlib bir–iki gün çəkilib, gedirdilər. Uşaqların çəkilişi isə hər gün idi. Özüm baş rolda oynayaraq, 5 ay hər gün səhər saat 9-dan axşam 6-ya qədər çəkilişdə olurdum. Elə gün olurdu ki, bir dubl da çəkmək mümkün deyildi. Çox çətin idi, yay, hava da isti, çəkilişlər də günün altında. Çəkilişlər Flarmoniya bağında və Bilgəh tərəfdə aparılırdı. Bizim xanın dalınca qaçdığımız kadr heç bir-iki dəqiqə çəkmir, amma həmin çəkiliş üçün bir həftədən çox vaxt getdi.

- Çəkiliş prosesində qorxduğunuz nəsə oldu? Məsələn, Ayda çəkilən kadrlar qorxulu deyildi ki?

- Onlar bir az qorxulu idi. Amma o qədər də qorxulu görünmürdü. Bizim üçün hər şey maraqlı idi, kinonun sirrini öyrənirdik. Hansı ki, baxanda başa düşmürdük, necə çəkirlər, çəkiliş nə cür olur.

Flarmoniya bağının yanındakı çəkilişlər iyulda idi. Həm də orada iri planlı çəkilişlər olmuşdu. Həm projektorların istisi vururdu, həm də günün. İri planlar çəkiləndən sonra bizi yelləməyə başlayırdılar. Möhsün Sənani də bizimlə çəkilirdi, bizə qarşı ata qayğısı göstərirdi. O vaxtı onun `Volqa Qaz-21`- i var idi. Deyirdi, gəlin sizi aparım Şıxova bir az hava alın. Çəkiliş qurtarandan sonra bizi günorta yeməyinə aparırdı.

- Kinodakı lift, təyyarə səhnələri necə qurulmuşdu?

- Lift, təyyarə olan səhnələr bizim kinostudiyada çəkilib. Kinostudiya köhnə idi. İri pavilyonu yox idi. Ən iri pavilyon o pavilyon idi ki, uşaqları sarayda göstərirdilər. Ayı çəkmək üçün böyük pavilyon lazım idi. Ona görə biz Minskə getdik. Bir ay da Minskdə qaldıq. Ayın üzərindəki çəkilişlər hamısı Minskdə çəkildi. Minskə uçan gün mənim ad günüm idi. Yadımdadır ki, təyyarədə ad günümü qeyd etdik.



Havadakı çəkisizlik vəziyyətindəki kadrda əynimizdəki skafandrın üstündə kəmərlər var idi. Kəmərlərin üstünə hava balonları bağlanmışdı. O kəmərlərə bizi əvvəlcə 32 simlə bağladılar. Çəkiliş gedəndən sonra gördülər ki, ekranda simlər parıldayır. Simlər görünməməli idi. Ona görə də simlərin sayını azaldıb, 16-ya endirdilər. 16 simlə bizi yuxarı qaldıranda simlərin biri qırıldı. Biri qırılanda o birləri də qırılmağa başladı. Tez bizi aşağı düşürtdülər. O simləri bağlayırdılar, biz axşama qədər asılı vəziyyətdə qalırdıq. Yeməyi də “trubka”dan verirdilər.

- O çətinlikləri görəndə, demirdinizmi ki, daha çəkilmirəm...

- Yox, elə bir fikir yox idi. Çəkilmirəm söhbəti o vaxt oldu ki , sentyabr ayında dərslər başlanan vaxt idi. Anam dedi ki, vəssalam, kino qurtardı. Artıq kinonun 80 faizi çəkilmişdi. Biz o vaxt 5 aylıq müqavilə bağlamışdıq. Anam dedi ki sentyabrda dərsə getməlidir. Çəkiliş 3 gün mənə görə dayandı. Sonra filmin direktoru Əlisəttar müəllim gəldi bizə, anamla danışdılar. Başa saldı ki, hər günün çəkilişi onlar üçün neçəyə başa gəlib. Dedilər ki, 80 faiz çəkilən filmi dayandırmaq mümkün deyil. Qərara gəldilər ki, sentyabr, oktyabr aylarını da filmdə çəkilim. Sonra mənə müəllim tutacaqdılar, bütün fənlərdən hazırlaşıb, imtahanlarımı verməli idim. Belə olanda anam axıra qədər filmə çəkilməyə icazə verdi.

- Hansı kadrlar daha çox yadınızda qaldı?

- Mənim üçün hər gün yaddaqalan idi. Filmdə bir yer var ki, guya Zərifə gələcəkdə qalır. Sehrbaz İo Kio məni o yeşikdən çıxaran hissələr çətinliklə çəkilib. İndi kompüterlə çəkmək asandır. O vaxt onu necə çəkirdilər... Yeşiyin arxa hissəsi açıq idi, o qara yeşiyin arxasından uzun relslər gedirdi, relsin axırında balaca kareta var idi. Mən o karetanın üstundə dayanmışdım və onu yavaş-yavaş çəkirdilər. İstər-istəməz onu çəkəndə tərpənirsən. Amma gərək tərpənmiyəsən, düz dayanasan ki, guya balaca olub yavaş-yavaş böyüyürsən. O kadr çox çətinliklə çəkilib, amma yaxşı alınıb. Film ekrana çıxandan sonra məktəbdə uşaqlar mənə sual verirdi ki, necə oldu, sən belə balaca oldun, sonra səni böyütdülər, ya da soruşurdular ki, Aya necə getmisən? Məktəbdə bütün uşaqlar elə fikirləşirdilər ki, mən həqiqətən aya uçmuşam və o raketlər da həqiqidir.

- Sizə qonorar verdilər? `Zərifə`dən qalan nə oldu?

- İlk qonorarıma anam güldan aldı. Özü də o vaxt bu güldanlar çox baha idi. Anama dedilər ki, sən o boyda pulu güldana verdin? Dedi ki, qoy ona yadigar qalsin. Uşaq vaxtı qazandığı puldur. İndi fikirləşirəm, anam düz edib, onu almışdı. Mənim üçün çox yaxşı xatirədir. Övladlarıma deyirəm ki, bu, mənim 13 yaşımdakı qazancımdır.



- Çəkilişlər bitəndən sonra sizə qarşı baxışlar dəyişdimi? Deyirdilərmi ki, `Aaaa... bu, Zərifəni oynayan qızdır`...

- Məktəbdə hamı bilirdi. Yaşadığımız küçədə hamı məni tanıyırdı, öz adım yaddan çıxmışdı, mənə Zərifə deyirdilər.

- Kinoda məşhur bir ifadə var: `Zərifə gülümsə...`

- Hə, düz deyirsiniz. Uşaqlarım balaca olanda onlara hirslənəndə deyirdilər ki, `Zərifə, gülümsə`, ya da ki, işıqlar sönəndə deyirdilər ki, `Uşaqlar, qorxmayın, məndə fənər var`.

- Sizinlə çəkilən uşaqlardan kimlərlə əlaqələriniz var?

- Hazırda Yusif Şeyxovla (Eldar) əlaqəm var. Azər (Rəşid ) burda deyil o, Amerikada yaşayır . Almazla (Səidə) ailə qurana kimi əlaqələrimiz var idi, ailə qurandan sonra əlaqələr kəsildi.

-Bir az ailədən danışaq...

- Dediyim kimi, həkim olmaq istəyirdim, amma alınmadı. Atam da həkim idi. Anamın xətrinə sənədlərimi Azərbaycan Dövlət Neft Akademiyasına verdim. İqtisadiyyat fakültəsinin axşam şöbəsinə daxil oldum. Həm işləyib, həm də oxuyurdum.

Universiteti bitirməyə bir il qalmış ailə qurdum. İki oğlum, iki oğlan nəvəm var, balacadırlar, qız nəvəmin də yolunu gözləyirik. Ailə qurduğum insan incəsənətdən tamamilə uzaqdır, oğlanlarım bizneslə məşğuldurlar, ixtisasları üzrə çalışmırlar.

--Sonradan yoldaşınız sizi həvəsləndirmədi ki, bəlkə hansısa bir filmə çəkiləsiniz?

- Yox, ailəyə, uşaqlara başım qarışdı. Universitetdə oxuyanda “Yeddi oğul istərəm” filminə Humay roluna dəvət etdilər, getmədim.

- Hazırda nə işlə məşğulsunuz?

- Hazırda işləmirəm, təqaüddəyəm. Uzun müddət ixtisasım üzrə işləmişəm. Rabitə kollecində dərs demişəm.

- Övladlarınız filmə baxanda nə deyir?

- Böyük oğlum hardasa 5 yaşında idi, filmi görəndən sonra soruşdum ki, xoşuna gəldi, dedi ki, təbii oynamamısan. O, çoxbilmiş uşaq idi.

- Bəs özünüz baxanda hansı hissləri keçirirsiniz?

- Uşaqlıq illərində mənə maraqlı idi. Amma böyüdükcə dedim ki, filmdir də, çəkilib. Mənə Solmaz demirdilər, Zərifə deyirdilər. Hiss edirdim ki, sıxılıram. Çox yerdə demirdim ki, filmə çəkilmişəm. Amma 10-15 il olar, istəyirəm hamıya deyim, mən filmə çəkilmişəm.

-İndi çəkilmək istərdinizmi?

- Təklif olsa, çəkilərəm. Yaşım 40-ı ötəndən sonra hiss etdim ki, filmə çəkilmək istəyirəm. Mənə elə gəlir ki, pis də oynamazdım. Ana rolunda çəkilmək istərdim. Çünki mən həyatda da gözəl anayam.

-Amma bayaq dediniz ki, aktrisa olmaq marağınızda olmayıb...

- Yaxşı bir rol olsa idi, çəkilərdim. Bəlkə də vaxtında mane olmasaydılar, aktrisa olardım. Hərdən evdə deyirəm ki, siz mənə icazə versəydiniz, indi Azərbaycanın xalq artisti olmuşdum. Yoldaşım mane olmazdı, anam mane oldu. Bizim dövrdə sənətə başqa cür baxırdılar. Indi “Sehirli xalat”a baxanda nostalji hisslərə qayıdıram. Məndə həmin filmdən o qədər şəkillər var idi, o şəkillərin qədrini bilmədim, hamıya paylayırdım. Yüzlərlə şəkil var idi, amma indi 3-4 şəkil qalıb. Bir də filmin ssernarisi.

- O `sehirli xalat` indi hardadır?

- Xalatın özü qalır. O xalatdan iki dənə idi. Biri böyük, biri balaca. Birini İo Kio geyinirdi, birini də Azər. Kino muzeyində saxlanılır. Televizorda həmin xalatda reklam da çəkilib.

- Filmdə bir kadr var, əminlikə deyirsiniz ki, gələcəyə mən uçaram. Həyatda risk edənlərdənsiniz?

- Xeyr, qətiyyən risk etməyi bacarmıram.

Nihadə Eyyubova
AzVision.az





Teqlər:  





Xəbər lenti