“Azərbaycan qadını” mifləri

“Azərbaycan qadını” mifləri
  07 Mart 2013    Oxunub:2266
Azərbaycan qadını haqqında bəzi şablon fikirlər var ki, uşaqlıqdan bizə deyirlər-deyirlər, böyüdükcə yenə deyirlər, axırda inanırıq. Amma böyüyəndən sonra görürük ki, bunların hamısı nağıl imiş. Və vay o kəsin halına ki, bu nağıllara inanıbmış!
Fikrimin mütləq həqiqət olduğunu iddia etmirəm, bunlar mənim şəxsi düşüncələrim, öz həyatımdan və müşahidələrimdən gəldiyim nəticələrdir. Və əlbəttə ki, bütün qadınlara aid edilə də bilməz. Amma mən ayılıb, gözlərimi ovuşdurub, həyata baxandan sonra Azərbaycan qadını haqqında həmişə deyilən bu fikirlərin yalan olduğu qənaətinə gəlmişəm.

Mif 1: Azərbaycan qadını vəfalıdır

Əgər kimsə düşünürsə ki, vəfa Azərbaycan qadını üçün xüsusi bir kateqoriyadır, xüsusi yeri olan anlayışdır, yanılır. Deyil. Mən daşa basılmağa hazıram, amma bu, belədir. Bu yaşıma gələnə qədər o qədər qadının o qədər kişiyə xəyanət elədiyini gördüm ki... Etiraf edirəm, başqa millətlərin qadınlarının nə dərəcədə vəfalı olduğunu bilmirəm. Bəlkə də daha pisdirlər, bəlkə də daha yaxşı. Amma ona əminəm ki, vəfa və sədaqət anlayışları Azərbaycan qadını üçün müqəddəs olan nəsnələrin siyahısından çıxıb.

Mif 2: Azərbaycan qadını ərini uca tutur

Əlbəttə, var belələri, amma çox təəsüf, bu da ümumi hal olmaqdan çıxıb. Müşahidələrim mənə belə göstərib ki, Azərbaycan qadınının ərinə olan hörmətinin kökündə pul qazanmaq amili durur. Ancaq və yalnız. Və qadınlar özləri işləməyə, pul qazanmağa başlayandan sonra cəmiyyətdə ƏR-in əvvəlki sakral yeri qadınların qazancına mütənasib olaraq aşağıya sürüş(dürül)üb. Qadın daha çox qazandıqca, ər öz statusunu daha çox itirir. Yəni ailə başçısı daha əvvəlki kimi sakral anlayış deyil. Ucalıq yoxdur. Əvvəlki ucalığın şərti vahidlərlərlə ifadə olunan ekvivalenti var ki, bu da çox sürüşkən anlayışdır.

Mif 3: Azərbaycan qadını ANA-dır

Mən atasız uşaq böyüdən nə qədər qadınla rastlaşmışam, nə qədərini şəxsən tanıyıram, bir bilsəniz... Bunun günahı təkcə kişilərdədirmi?.. Sanmıram. Səbəb ilk növbədə odur ki, analar öz maraqlarını, eqolarını, hikkələrini uşaqlarının atalı böyümək qismətindən daha üstün tuturlar. 100 haldan 90-da bu, belədir. Belə qadına yaxşı ana demək mümkün deyil.
Dinə inanmasam da, orada çox sevdiyim bir fikir var. Ananın övlad qarşısında borcları sadalananda, onlardan biri kimi də bu göstərilir: gələcək övladına yaxşı ata seçmək. Buralarda olun, seçəcək...

Mif 4: Azərbaycan qadını çətinliyə dözəndir

İndi çətinliyin özü nisbi anlayışdır. Azərbaycan qadını 20-25 il əvvəlkinə baxanda xeyli az çətinliklərlə üzləşir, amma heç buna da dözmək istəmir. Sadə bir şeyi düşünürəm: mən əvvələr kirayədə yaşayan nə qədər gənc ailə tanıyırdım. Gözəl insanlar idilər!.. Zəhmətlə, bir-birinə həyan olmaqla ev, həyat qururdular özlərinə. İndi bir nəfər də eləsini tanımıram. Niyə, hamının evimi oldu? Yox, sadəcə evi və maşını olmayan oğlanlara ərə getməyə hazır olan qız tapmaqdansa, indi qırmızı rəngli və üstündə mavi xalları olan siçan tapmaq daha asandır. İndi ailə qurmaq bir auksiondur, onun ilkin lotları isə bu ikisidir: ev, maşın. Ardınca gəlir: oğlanın işi, qazancı, atasının işi, qohumlarının işi və s və i və a. Və e və h və h və h və h və ehhhhh.....

Mif 5: Azərbaycan qadını tamahkar deyil

Vay o gündən ki, qonşunun, qohumun, tanışın, bilişin evi, maşını, geyimi, qazancı sizinkindən yaxşı olsun. Əminəm, bu ölkədə “Gör, filnakəs nə elədi, necə elədi...” tipli tənələri eşitməyən kişi yoxdur. Azərbaycan qadını əlində və özündə olanla kifayətlənən qadın deyil, həmişə müqayisə edəcək, tutuşduracaq və həmişə özünü bədbəxt hesab edəcək.

***

Bir daha deyirəm ki, bunlar subyektiv fikirlərdir. Kaş ki belə olmasın və mən yanılmış olum. Həmişə belə düşünmüşəm ki, qadın – cəmiyyətin qurucusudur. Çünki kişinin ən böyük ehtiyacı özünü qadının gözündə təsdiqləməkdir. Qadın tamahkardırsa, kişi rüşvətxor olacaq. Qadın həyasızdırsa, kişi əclaf olacaq. Və bu minvalla, və belə-belə... və bala-bala...


Teqlər:  





Xəbər lenti