Azərbaycanda “quş qrip”i təhlükəsi var? - Açıqlama
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Azvision.az-a bildirib ki, Azərbaycanda quş qripi ilə bağlı ekzotik vəziyyət qeydə alınmayıb.
“Ölkəmizdə quş qripinə görə monitorinqlər aparılıb. Noyabrın 12-dən etibarən həm ev quşları, həm də çöl quşlarına görə birinci monitorinq start götürüb. Təsərrüfatlardan aldığımız və çöl quşlarına görə aparılan monitorinqlər zamanı quşlarda hər hansı xəstəlik törədicisinin olduğu müəyyən edilməyib. Ölkəmizdə quş qripinə görə vəziyyət sabitdir. Həmçinin çöl quşlarının miqrasiyanın Şimaldan Cənuba doğru başlamasını da nəzərə alsaq, heç bir narahatçılığa əsas yoxdur”.
Y.Xanvəli qeyd edib ki, növbəti monitorinq yaxın günlərdə start götürəcək: “ÜST-ün son məlumatına görə, quş qripi yeni qeydə alınan ölkələr Laos, ABŞ, Cənubi Afrika ölkələri və Səudiyyə Ərəbistanıdır. Ən çox quş qripi qeydə alınan ölkələr isə Çin və Vyetnamdır".
Aytən Zəhra
Azvision.az