Brüsseldən “Brexit” açıqlaması - Mey təcili iclas çağırdı

  11 Oktyabr 2018    Oxunub : 1830
Brüsseldən “Brexit” açıqlaması - Mey təcili iclas çağırdı
“Avropa İttifaqının Böyük Britaniyadan ayrılmasına dair aparılan danışıqlarda heç bir irəliləyiş yoxdur.”
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Marqaritis Şinas keçirdiyi ənənəvi brifinqdə deyib.

“Danışıqlarda biz hələ razılıq nöqtəsinə gəlib çatmamışıq. Heç bir irəliləyiş yoxdur”, – deyə Şinas vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey bu gün hökumətində təmsil olunan nazirlərin bir qismi ilə görüşərək “Brexit” məsələsini müzakirə edəcək. Onun bu cür təcili iclas toplamasının səbəbi isə parlamentdəki konservativlər və avroskeptiklərin Meyin Aİ-nın təklif etdiyi “drakonian (olduqca sərt – red.) həllini” qəbul edəcəyi təqdirdə “Brexit”ə dəstəyi geri çəkəcəklərilə bağlı təhdid etmələridir.

Məsələ ondadır ki, Aİ və London “Brexit”lə bağlı fərqli baxışa sahibdirlər. Brüssel Britaniyanı ittifaqdan ayıracaq müqavilənin artıq nisbətən yekunlaşmaq üzrə olduğunu deməsinə rəğmən, Britaniya rəsmiləri sazişin imzalanması yolunda hələ də böyük problemlərin olduğunu bildirirlər.

Britaniyanın Aİ-dan ayrılmasını nəzərdə tutan “Brexit” üzrə Brüssellə London arasında imzalanacaq müqavilə son 40 il ərzində Birləşmiş Krallığın ticarət və xarici siyasətindəki ən böyük dəyişikliklərə yol açacaq. Onlardan biri də Şimali İrlandiyanın tələbləri ilə bağlıdır. Bu səbəbdən də, keçid dövrünə az vaxtın qaldığı bir zamanda bəzi nazir və parlamentarilərin Tereza Meyə təzyiqi artmaqdadır.

Xatırladaq ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı