“Həyat yoldaşım filmlərimə baxmayıb” - Tanınmış aktrisa (MÜSAHİBƏ)
- Özümü dərk edəndən uşaq sevənəm. Uşağa qayğı göstərilməsi məsələsində təcrübəm də var. Çünki bacımın qızını mən böyütmüşəm. Evdə iki balaca balamız var. Deyilənlərə görə, mən yaxşı ana olaram. Uşağa qarşı çox həssasam. Ən dəcəl, ağlağan usağı sakitləşdirib, güldürə bilirəm.
Hərdən xanımlarımızın övladlarına laqeyidliyini görəndə çox əsəbiləşirəm. Analıq böyük möcüzədir. Bəzən ana olan xanımlar bu xoşbəxtliyi dərk etmirlər. Uşaqla davranışda çox səbirsiz olurlar. Mən bir dəfə yolda bir xanımla buna görə dava etmişdim. Deməli, uşaq hansısa səbəbədən ağlayır, onu vururdu ki, ağlama. Yaxınlaşıb dedim, sən ağlasan, üstəlik də səni vursalar, sakitləşərsən? O, uşaqdır. Sən öz ağlın, şüurunla onu sakitləşdirməlisən. Uşaq elə-belə ağlamaz. Onun bir bəhanəsi, səbəbi olmalıdır.
- Qız, yoxsa oğlan uşaqlarına meyillisiniz?
- Yalan nə deyim, qız uşağına marağım var. Ancaq Allaha acıq getməsin, onun verdiyi paydır, hər ikisinə qurban olum. Gələcəkdə oğlum olsa, bəlkə, onu qızdan çox istədim.
- Müsahibələrinizdən birində sizdən ailə həyatı haqqında soruşmuşdular, demişdiniz ki, “xoşbəxtlik çayına qızılgül ləçəyi kimi düşürsən və çay səni hara aparırsa, onun axarı ilə gedirsən”. Qızlgülün həmin ləçəyi ola bildinizmi?
- Hələ də o çayda üzürəm, Allah sahilə çıxartmasın. Bəlkə də həyatda çətinliklərim, sınaqlarım olmasaydı, bu günlərimin qədrini bilməzdim. Kənardan başqaları üçün bu adi bir şey kimi görsənə bilər, amma mənim üçün belə deyil. Çünki həmişə bu xoş günlərin həsrətində olmuşam.
Məsələn, dünən həyat yoldaşımın ailəvi dostları bizə qonaq gəlmişdilər. Yoldaşım dedi, "bəlkə, qonaqlığı restoranda edək?" Çünki iş qrafikimi bilir. Deyir, "qoy sənə əziyyət olmasın, bacılarım və ya sənin anangil kömək etsinlər". Mən ona dedim, sən başa düşümürsən ki, mən sənə qulluq etməkdən, xörək bişirməkdən, evimə sənin qonağının gəlməsindən zövq alıram.
Bəzən xanımlar deyirlər, “bezdik, nə qədər xörək bişirmək, evdə oturmaq olar”, amma mən bunu çox sevirəm. Həmişə bunun arzusunda olmuşam. Əsl yuva istəmişəm. Yuvaya qonaq gələr, qonaq gedərsən. Xoşbəxtllik çayı deyirik, əslində həyatımda qeyri-adi bir şey baş vermir. Sadəcə olaraq, yuva qurmuşam. Balaca yuvamız var, az tapırıq az, çox tapırıq çox yeyirik. Şükür edirik. Yoldaşım da, mən də bunun qədrini bilirik. Ümumiyyətlə, son zamanlar həyatın hər anından zövq alıram, hər şeyin dadını çıxardıram.
- Bəlkə də yaş, təcrübə öz sözünü deyir…
- Ondan da deyil. Keçən il çəkiliş vaxtı az qala biz qəzaya düşəcəkdik. Anam namaz üstündəydi, möcüzə oldu, kimsənin burnu da qanamadı. O an həyatım gözümün qarşısından lent kimi keçdi. Və özüm-özümə dedim, mən yaşamamışam, heç nə etməmişəm ki. Ondan sonra hər gün valideynlərimi öpürəm. Sevdiyim insanlara sevgimi o dəqiqə etiraf edirəm. Hamıya deyirəm ki, kimisə çox istəyirsinizsə, hislərinizi bildirin, ürəyinizdə saxlamayın. Həyatdır da.. İşə gedib qayıtmaya bilərik və ya evə gələndə ailə üzvlərimizdən, dostlarımızdan kimsə artıq olmaya bilər. Bunu anlayanda cüzi problemlərin üstündə dalaşmırsan, söz- söhbət yaratmırsan.
- Uzun müddət həyatınızla bağlı hər qərarı özünüz vermisiniz. Hər işdə dominantlıq sizdə olub. Artıq bir neçə aydır ki, evlisiniz və həyatınızı Manaf bəylə bölüşürsünüz. Qalxanları yerə qoyub, təslim olmaq sizə çətin omadı ki?
- Yox, elə xoşuma gəlir ki, kimsə mənim yerimə problem həll etsin. (gülür ) Qalxanı əlimdən almayıblar, özüm təhvil vermişəm. Çünki həm qadın, həm də kişi olmaq çətindir, çox yorulmuşdum. Bəzən qadınlar haqqında “kişi kimi qadındır” deyirlər. Şərəfli komplimentdir, bir xanımın qeyrətli, namuslu olmasına işarədir. Amma qadın xanım kimi olmalıdır. Buna görə də qalxanları elə yerə qoymuşam ki, artıq həyatıma qadın kimi davam edirəm. Allah bu günləri mənə çox görməsin. Xanımın yanında güclü kişi olanda, o, özünü zərif hiss edir. Mən bunu evlilikdən sonra gördüm, çox gözəl bir şeymiş.
- Sənətinizi haçansa ailənizə qurban vermə ehtimalınız varmı? Ümumiyyətlə, yoldaşınızın peşənizlə bağlı baxışı necədir?
- Yox, qurban vermərəm. Qadının əlində çörəyi olmalıdır. Bu, mütləqdir. Yoldaşıma ilk gündən dedim ki, tədbirlərdən, seriallardan imtina edə bilərəm. Amma heç olmasa teatrda işləyim. Bilim ki, stabil maaşım var. Həyatdır…
İlk gündən dedi ki, mən sənin işinə mane olmayacağam. İndi iş təklifi alanda ilk olaraq onunla müzakirə edirəm. Çünki istəmirəm başım işə qarışsın və ailəm diqqətsiz qalsın.
-Həyat yoldaşınız incəsənətə bağlı adamdırmı?
- Yox, incəsənət sahəsinin adamı deyil. Rusiyada təşkilatçıdır. İşi ora ilə bağlıdır. 3 ay burada idi, 20 günlük gedib qayıtdı. Bir neçə aydan sonra yenə 10 günlük gedib qayıdacaq. Bir söz deyim ki, o, mənim heç bir filmimə baxmayıb, yardıcılığımla heç vaxt maraqlanmayıb. Sadəcə olaraq mənim özümü istəyib. Çünki həmişə Rusiyada yaşayıb, aktrisa kimi tanımaq şansı olmayıb.
- Necə tanış olmusunuz?
- “Zəhmətkeş ulduzlar” verilişinin rejissorunun həyat yoldaşının dayısıdır. Birinci ailəsi dağılıb. Uzun illərdir ki, Rusiyada yaşayırdı, işi ora ilə bağlıdır. O, ancaq yay tətillərində Azərbaycanda olurdu. Maraqlı rayonlar olanda rejissorumuz onu da özü ilə gətirirdi. Həmişə deyirdi ki, Manaf dayı da gələcək. Mən də deyirdim, xoş gəlir, səfa gətirir, mənə nə? Heç ağlımın ucundan da keçməzdi ki, bu insan məni görüb bəyənəcək. 3 il istəyib, heç xəbərim də olmayıb. Məsələni mənə açanda şok oldum. Həmişə ona deyirəm ki, Muxtarov mən necə kor olmuşam ki, 3 ildə səni görməmişəm.(gülür).
- Xaraktercə kimə bənzəyirsiniz? Çox mehribansınız…
- Özümə (gülür). Ailəm də belədir. Hamı evdədirsə, deyib, gülüb dağılışarıq. Qeybət, bədniyyətlilik bizlik deyil. Elə insanlardan həmin an uzaqlaşıram.
-Bu sahədə sizdən başqa ailənizdən kimsə var?
- Ailədə ilk "kosmonavt" mən oldum. Bacım qızı vokal üzrə Bülbül adına musiqi məktəbində oxuyur. Vokalistdir. Heydər Əliyev adına Respublika səviyyəsində müsabiqədə 3-cü yeri tutub. Onunla qürur duyuram. Və ən böyük arzum onun İtalyada vokalçı kimi təhsil almasıdır. Çox böyük ümidlər bəsləyirəm. Yəqin xalasının arzusunu ürəyində qoymaz. Ona 5 aylığından mən baxmışam. Mənim qızım sayılır. Toy ərəfəsi şərhdlərdə yazırdılar ki, onun bir qızı var, niyə ailə qürur?
- Məktəbdə rus sektorunda oxumusunuz, rusdillisiniz. Ancaq sizi yalnız Azərbaycan dilində olan tamaşalarda görmüşük.
- Çox istəyərdim ki, rusdilli tamaşalarda da oynayım. Tamaşaçı məni bu tərəfdən də görsün. O qədər kənd qızı obrazlarını oynamışam ki, çox adam elə bilir, mən savadı, dünya görüşü az olan insanam. Yaxından tanıyanların isə fikri dəyişir. Hətta ingilis dilini də yaxşı bilirəm. Dünya klassikasını sevirəm, bununla bağlı mütaliələr edirəm. Sonuncu dəfə Ərəbistan şahzadəsinin həyatı ilə bağlı kitab oxumuşam. Drayzerin də əsərlərini çox sevirəm.
-Bir zamanlar teatr səhnəsində “Esmeralda” obrazını canlandırmaq istəyirdiniz…
- Esmeralda üçün qocalmışam (gülür). Çətin məndən artıq Esmeralda çıxar.
- İndi nə oynamaq istəyərdiniz?
- Özümü. Ssenaristimiz, rejissorumuz Səidə Haqverdiyeva söz verib ki, mənimlə mono tamaşa hazırlayacaq. Artıq bir ildir ki, bu söhbət gedir. Həyatı qırılmış, müxtəlif 4 qadın obrazını canlandıracağam. Səidə xanıma toy ərəfəsi zaraftla dedim ki, bir azdan xoşbəxt olacağam, bax ha birdən onları oynaya bilmərəm. Ciddi, psixoloji obrazlar oynamaq istəyərəm. Buna mənim potensialım var. Mən bir yerdə dayanıb qalan insan deyiləm.
-Yeri gəlmişkən, həm də Kukla Teatrında çalışırsınız. Kuklalarla işləmək çətin deyil ki?
- İlk tamaşaya çıxanda stress, həyacan keçirdim. Kuklalarla tamaşa göstərmək çox çətindir. Çünki biri var özün oynayırsan, biri də var ki, cansız kuklalarla bir neçə obrazı, səsi, obrazların bir-birnə reaksiyasını eyni anda canlandırırsan. Sanki səhnədə yenidən yeriməyi öyrənirdim. Kuklanı düzgün tutmaq və s. o qədər çətin gəlirdi ki. Tamaşama daxili baxış olanda qorxudan, həyacandan sandığın dalından çıxmırdım. Qaçmaq istəyirdim, ancaq geriyə yol yox idi. Yavaş-yavaş məndə əzələ yaddaşı yarandı.
Mən artıq 3 ildir ki, Milli Onkoloji Mərkəzdə müalicə alan uşaqlar üçün həmin kuklalarla tamaşa hazırlayıram. Çünki xərçəng xəstəliyi olan insanlara müsbət enerji lazımdır. Kukla Teatrının Oyuq studiyası, aktyor Rəhman Rəhmanov mənimlə xəstəxanaya gedib orada müalicə alan uşaqlara tamaşa göstəriblər. Teatrın direktoru Rəşad Əhmədzadəyə təşəkkür edirəm. Onun tapşırığı ilə mənim üçün ssenari yazıldı, dekor kuklalar hazırlandı. Mən ad günümdə həmin xəstəxanada uşaqlarla birgə oldum. Yataqda olan uşaqların palatalarını bir-bir gəzib onları şənləndirdim, dedim ki, kuklalara yaxınlaşıb əl vursunlar.
- Ciddi–psixoloji obrazlar yaratmaq istədiyinizi qeyd etdiniz. Sizcə, bir rejissor üçün həmişə komik rol oynayan aktrisaya ciddi-dramatik rol verməsi böyük risk deyil?
- Böyük risk olar. Amma mən əminəm ki, onların güvənini yarıda qoymaram. Məsələn, “Nurididə Ceyhun” tamaşasında Üzeyir bəyin bacısını oynayırdım. Tamaşaçı isə məni həmişə komik aktrisa kimi tanıyıb. Onları inandırmaq lazımdır ki, mən burada “Keyxanım”ı yox, ciddi bir obrazı oynayıram. Bu, böyük güc tələb etdi. Amma gördüm ki, məndə ciddi obraz alınır. Rollarımı çalışıram elə oynayım ki, bir-birilərinə bənzəməsinlər. Tamaşaçı deməsin ki, "əşi, teatr da bir köpüklük deyil". Qoy hər dəfə bir roluma görə məni yadında saxlasın.
- Sənətçilərimizin çəki məsələsinə də toxunmaq istərdim. Sizə elə gəlmir ki, bizim aktrisalar və aktyorların əksəriyyəti səhnə üçün çox kökdür. Halbuki, onlar akrobat kimi cəld, plastik olmalıdırlar.
- Mən bununla razı deyiləm. Axı bütün aktyor və aktrisalar “90-60-90” ola bilməzlər. Aktyor balaca boy da, kök də ola bilər. Şəxsən öz yerimə deyə bilərəm ki, nə vaxtsa görsəm ki, özümü tərpədə bilmirəm, onda köklüyümlə bağlı kompleks yaranar. Mən bir həftəyə şpaqat açan adamam.
-Yaxın rəfiqəniz Tünzalə Əliyeva televiziya vasitəsi ilə çıxış edərək, durumu ilə bağlı maddi yardım istəmişdi. Ona köməklik etdinizmi?
- İnsan etdiyini deməz. Böyük şey etməmişəm, imkan daxilində. Əhvalından da xəbərim var. Xuraman Əlizadə ilə birgə yeni verilişə “Hüseynova bacıları” adlı layihəyə başlayacağıq. Çoxları deyir ki, Tünzaləni Xuramanla əvəz etmişəm. Hər ikisi istedadlı aktrisalardır. Kimsə kimsəni əvəz etmir.
- Dincəlmək üçün kinoteatrlara gedib film izləyirsinizmi?
- Yerli komediyalara, aktyor yoldaşlarıma dəstək olmaq məqsədi ilə gedirəm.
Şahanə Rəhimli
Foto: Razimə İsmayılova
AzVision.az
Teqlər: Aktrisa