Bakıda “Xəttatlıq, miniatür və keramika” sərgisi açıldı
Tədbirdə Bakı İncəsənət Mərkəzinin baş direktoru Rafael Gülməmmədli, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, “Bakı” rəsm qalereyasının direktoru Eldəniz Babayev və Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan sərginin əhəmiyyətindən söz açıblar.
Bildirildi ki, Bakıda belə bir sərginin təşkili Azərbaycanla Türkiyə arasında qurulmuş hərtərəfli mədəni əlaqələrin əyani sübutudur.
Diqqətə çatdırıldı ki, Türkiyədə yaşayıb-yaradan Gülxan Bəydəmirlinin “Yeni Gallery” sərgi salonunda 2008 və 2010-cu illərdə fərdi sərgisini təşkil etmişdir. Klassik xətt sənətinin bacarıqlı ustalarından olan müəllifin əl işləri böyük maraq doğurub. Onun bir çox əsərləri Azərbaycan, Türkiyə, Almaniya, Hollandiya, Avstriya, Koreya Respublikası və Fransa kolleksiyaçıları tərəfindən alınmış, Almaniyada və Avstriyada sərgiləri açılıb.
Diqqətə çatdırılmışdır ki, Ayşe Betül Özey 13 ildir ənənəvi türk sənətləri ilə məşğul olur. O, həm də klassik dizaynları özünəməxsus şəkildə improvizə edir. Kurslar təşkil edərək yerli və xarici vətəndaşlara bu sənətin sirlərini öyrədir.
Sərgidə müəllifin zərgərlik sənəti nümunələri nümayiş olunur.
Qeyd edilmişdir ki, Özgün Fəridə Özgan isə İstanbul Universitetinin ədəbiyyat fakültəsinin klassik arxeologiya sahəsində təhsil almışdır. 2000-ci ildən etibarən müstəqil şəkildə miniatür sənəti ilə məşğuldur. 2006-cı ildə türk-islam sənətləri müsabiqəsində birinci olmuşdur. Əsərləri müxtəlif incəsənət məkanlarında sərgilənir.
Oktyabrın sonunadək davam edəcək sərgidə nümayiş olunan bütün əsərləri satılır.
Teqlər: