"Almaniya Qarabağ danışıqlarında iştirak edə bilər" - Merkel

 "Almaniya Qarabağ danışıqlarında iştirak edə bilər" - Merkel
  26 Avqust 2018    Oxunub:3691
"Ermənistanda yeni hökumətin qurulması bəlkə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara təkan verilməsinə səbəb ola bilər"

AzVision.az-ın məlumatına görə, bunu Bakıda Almaniya Kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
Merkel qeyd edib: "Hörmətli cənab Prezident. Sizə bu səmimi qəbula görə təşəkkür edirəm. Bugünkü çox intensiv diskussiyaya görə də Sizə təşəkkür etmək istəyirəm. Bu, Federal Kansler kimi mənim Azərbaycana ilk səfərimdir və ilk imkan idi ki, ölkələrimiz arasında münasibətləri burada açıq şəkildə müzakirə edək, əməkdaşlığımızı davam və inkişaf etdirək".

Kansler bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyini qeyd edir. Azərbaycan artıq ənənələri olan bir dövlətdir: "Bizim ikitərəfli münasibətlərimiz onunla xarakterizə olunur ki, bu regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət tərəfdaşımız var. Azərbaycanda xarici ticarət palatamız var, burada 150 alman müəssisəsi fəaliyyət göstərir. Azərbaycan da, öz növbəsində, iqtisadiyyatın şaxələndirilməsinin həyata keçirilməsində maraqlıdır və Almaniya bu sahədə öz ciddi töhfəsini verə bilər. Bu gün birgə biznes forumu da buna xidmət edəcək və orada detallar barədə danışacağıq".

Merkel vurğulayıb ki, Azərbaycan Avropa İttifaqının enerji şaxələndirilməsində də güclü bir amildir və Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq: "Biz Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını yüksək qiymətləndiririk. Bu, Avropa ilə ticarət əlaqələrini genişləndirəcək, mübadilə aparılmasını yaxşılaşdıracaq.

Biz Azərbaycanın daxili vəziyyəti, insan hüquqları barədə çox açıq şəkildə söhbət etdik. Bütün məsələlərdə həmişə tam eyni mövqe olmasa da, biz dünyəvi dövlətin qurulmasının, açıq demokratik şəraitin yaradılmasının vacib və arzuedilən olduğu barədə danışdıq".

Merkel əlavə edib: "Dağlıq Qarabağ məsələsi haqqında açıq danışdıq. Mən bir daha vurğuladım ki, Almaniya bu münaqişənin həllində maraqlıdır və biz buna Minsk qrupu çərçivəsində öz töhfəmizi verəcəyik. Ermənistanda yeni hökumətin qurulması faktı bəlkə də bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, danışıqlara təkan verilməsinə səbəb ola bilər və Almaniya da burada iştirak edə bilər. Biz regionun təhlükəsizliyi haqqında da danışdıq. Azərbaycanın coğrafi vəziyyəti çox maraqlıdır, yəni, bir tərəfdən Rusiya, bir tərəfdən İranla əhatə olunub, Türkiyə ilə əlaqələri var. Biz bu fikirlə razıyıq ki, münaqişələr sülh, danışıqlar yolu ilə həll olunsun və bu regionda mövcud olan bütün münaqişələr sülh yolu ilə həll edilməlidir.

Bizim bundan sonrakı dialoqumuzun intensivləşdirilməsi üçün şərait və əsaslar var. Bəzən fərqli fikirlər olanda da bu barədə danışmaq və fikir mübadiləsi aparmaq lazımdır və qarşı tərəfin fikrinə də diqqətlə qulaq asmaq lazımdır. Ona görə də mən Sizə müzakirələr üçün təşəkkür edirəm, çox sağ olun".

AzVision.az


Teqlər: Merkel   Qarabağ  





Xəbər lenti