Azərbaycan musiqisi Florensiyada

Azərbaycan musiqisi Florensiyada
  22 Oktyabr 2013    Oxunub:1189
Heydər Əliyev Fondu Azərbaycanı İtaliyanın regionlarında daha yaxından tanıtmaq üçün yeni layihənin həyata keçirilməsinə başlayıb.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Heydər Əliyev Fondu Azərbaycanı İtaliyanın regionlarında daha yaxından tanıtmaq üçün yeni layihənin həyata keçirilməsinə başlayıb. Bu layihə çərçivəsində ilk tədbir Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə ölkənin mədəniyyət mərkəzi sayılan Florensiya şəhərində keçirildi.

Leonardo da Vinçi, Mikelancelo, Dante və Qaliley - dünyanın tanıdığı bu məşhur şəxsiyyətləri birləşdirən cəhət həm də onların florensiyalı olmalarıdır. Florensiyalılar təkcə doğma şəhərlərinin zəngin tarixi keçmişi ilə deyil, bu günü ilə də fəxr edirlər.

Azərbaycanın incəsənət ustaları ölkəmizin zəngin mədəniyyətini italiyalı tamaşaçılara bir daha nümayiş etdirib.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən layihənin açılışını Florensiyanın Bələdiyyə Teatrında Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov etdi. Səfir hər iki ölkə rəhbərlərinin ciddi səyləri nəticəsində dinamik inkişaf edən Azərbaycan-İtaliya əlaqələrinin, xüsusilə də mədəniyyət sahəsindəki münasibətlərimizin daha da genişləndirilməsində bu layihənin müstəsna xidmətlərini vurğuladı. Diplomat Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində Fondun ölkəmizin dünyada daha da dərindən tanıdılması istiqamətində böyük işlər həyata keçirdiyini diqqətə çatdırdı.

Sonra Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin maraqlı konsert proqramı nümayiş etdirildi.

Orkestr Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Tofiq Quliyevin və başqalarının ölməz əsərlərini ifa etdi. Solistlərimizin ifaları maraqla qarşılandı.

Tədbirdə Florensiya şəhərinin rəhbərləri, regionun tanınmış simaları ilə yanaşı, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov da iştirak etdi.

Florensiya Şəhər Şurasının sədri Eugenio Giani tədbirin təşkilatçılarına onlara bəxş etdikləri bu maraqlı konsert üçün minnətdarlığını bildirdi.


Teqlər:





Xəbər lenti