Türkiyəni daha böyük maliyyə böhranı gözləyir - Britaniyalı ekspert

Türkiyəni daha böyük maliyyə böhranı gözləyir - Britaniyalı ekspert
  16 Avqust 2018    Oxunub:2055
Türkiyə milli valyutası olan lirə müvəqqəti olaraq ABŞ dolları qarşısındakı rekord ucuzlaşmadan bir qədər yüksələ bilsə də, bu, lirənin epik tənəzzülünün başa çatması anlamına gəlmir. Qarşıda lirəni daha böyük risklər gözləyir.

AzVision.az xəbər verir ki, bu barədə britaniyalı maliyyə eksperti, Londondakı “Principal Global Investors”un (Başlıca Qlobal İnvestorlar) baş icraçı direktoru Cim MakKauqan CNBC-nin efirində deyib.
“Düşünürəm ki, biz lirənin müəyyən dərəcədə çevik və kifayət qədər kəskin bərpasının şahidi olacağıq. Amma istiqamət heç də yaxşı görünmür. Düşünürəm ki, Türkiyənin maliyyə böhranı hələ davam edəcək, çünki böhranın tam aradan qaldırılması üçün onlar fundamental səviyyədə heç bir iş görmürlər. Bunun üçün Mərkəzi Bank sıxma siyasəti həyata keçirməlidir. Bu, iqtisadi sürəti azaltsa da, milli valyutanı dayanıqlı və sabit edə bilər. Ticarət, yaxud fiskal kəsirləri azaltmağa istiqamətlənmiş əhəmiyyətli addımlar da atıla bilər”, – deyə MakKauqan bildirib.

Qeyd olunur ki, Türkiyədəki 15 faizi ötən inflyasiyaya və həddən artıq yüklənən iqtisadiyyata rəğmən prezident Rəcəb Tayyip Ərdoğan faiz dərəcələrini qaldırması üçün Mərkəzi Banka müstəqillik verməməsinə görə ciddi tənqidə məruz qalır. İnvestorlar da Türkiyədə bizneslərinin tənəzzül etməyəcəyinə dair siyasi-iqtisadi təminat əldə etmək istəyirlər. Lirənin kəskin dəyərdən düşməsi Türkiyənin dövlət borcu məsələsində də faciəvi nəticələrə səbəb ola bilər. Çünki ölkə əhəmiyyətli dərəcədə xarici maliyyələşmədən asılıdır.

Türkiyənin ümumi daxili məhsulunun 50 faizini təşkil edən dövlət borcunun hamısı isə demək olar ki, xarici valyuta ilədir, lakin milli aktivlər lirə ilə saxlanır. Türkiyənin 300 milyard dollardan çox korporativ borcu var və türk şirkətləri bizneslərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün xarici valyutaya böyük ehtiyac duyurlar. Bu mənada lirənin kəskin ucuzlaşması şirkətlərin və Türkiyənin dövlət borcunun da ödənilməsini olduqca çətinləşdirir.

MakKauqanın fikrincə, Qətərin Ankaraya 15 milyard dollar məbləğində investisiya paketi verməsi təqdirəlayiq olsa da, Türkiyəni xilas etməyəcək. Çünki bu pullar əsasən bank sektoru və maliyyə bazarlarına yönəldiləcək və yaraya məlhəm olmayacaq. Həmçnin, bəzi ölkələrlə ikitərəfli ticarətdə dollardan imtina edilməsi də əhəmiyyətsizdir. Çünki İran və Rusiya kimi ABŞ sanksiyalarından əziyyət çəkən ölkələrə də dollar lazımdır və qarşılıqlı ticarətdə yerli valyuta ilə ödəniş edilsə də, sonradan həmin ölkələr yenə də həmin valyutanı dollara çevirməyə məcburdurlar. Bu zaman ikiqat yükə düşürlər.

Dünyaca məşhur maliyyə konqlomeratı“Goldman Sachs”investisiya bankı da britaniyalı ekspertin proqnozlarını dəstəkləyib. Onların fikrincə, süni yolla lirənin möhkəmləndirilməsi getdikcə dəyərdən düşən türk aktivlərinin satışının qarşısını almayacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   ABŞ   Maliyyə  





Xəbər lenti