Lirənin düşməsinin “demokratiya” ilə əlaqəsi

Lirənin düşməsinin “demokratiya” ilə əlaqəsi
  14 Avqust 2018    Oxunub:1642
Ağ Evin iqtisadi məsləhətçisi Kevin Hassett türkiyə milli valyutası lirənin son günlər ABŞ dolları qarşısında tarixdə rekord həddə ucuzlaşmasının səbəbini izah edib.AzVision.az xəbər verir ki, Ağ Ev rəsmisi Türkiyə valyuta bazarındakı dalğalanmaları ABŞ-ın tətbiq etdiyi sanksiyalar və yüksək gömrük rüsumları ilə yox, Türkiyənin demokratiyadan uzaqlaşması ilə əlaqələndirib.
“Ölkə liberal demokratiya ilə əlaqəsini itirəndə bundan sonra iqtisadiyyatının başına nələr gələcəyini dəqiq bilmirsən. Düşünürəm ki, ortada böyük bir qeyri-müəyyənlik var. Əgər valyuta 40% aşağı düşürsə, bu, həmin ölkənin iqtisadiyyatının çox sayda fundamental göstəricilərinin qaydasında olmadığına işarədir. ” – deyə, Hassett MSNBC telekanalının efirində bildirib.

Hassett bildirib ki, yüksək gömrük rüsumları yalnız polad və alüminium sahəsinə şamil edilib və bu sahələr Türkiyə iqtisadiyyatının çox az bir hissəsini təşkil edir: "ABŞ administrasiyası türk lirəsinin kursunu diqqətlə izləyir"-deyə, o əlavə edib.

Xatırladaq ki, Ankara ilə davam edən siyasi gərginliyə baxmayaraq, avqustun 10-da ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin təbiqi barədə qərar qəbul edib. Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunacaq. Trampın bu qərarı ilə türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayıb. 13 avqust gecəsinədək 1 dollar 7,24 lirə təşkil edib. Lakin Türkiyə Mərkəz Bankınnın müdaxiləsindən sonra hazırda lirə bir qədər möhkəmlənərək dollara nisbətdə 6.5 civarında müəyyənləşib. Ümumilikdə, bu il ərzində lirə dolara nisbətdə 40 faiz ucuzlaşıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Lirə   Dollar   ABŞ  





Xəbər lenti