İraqda səslərin yenidən sayılması seçki nəticələrini dəyişmədi

İraqda səslərin yenidən sayılması seçki nəticələrini dəyişmədi
  10 Avqust 2018    Oxunub:4550
Mayın 12-də İraqda keçirilən parlament seçkilərindən sonra səslər yenidən əllə sayılsa da, seçkilərin ümumi nəticəsi dəyişməyib.
AzVision.az bildirir ki, bu barədə İraq Seçki Komissiyası bəyan edib. Qeyd olunub ki, Kərkük, Ərbil, Süleymaniyə, Nəcəf, Kərbəla və Bəsrənin də daxil olduğu ümumilikdə 13 kənddə əllə yenidən sayılan səslərin sayı elektron sistemdəki nəticə ilə üst-üstə düşüb və parlament seçkilərini qazanan siyasi partiyaların mandatında heç bir dəyişiklik olmayıb. Yalnız bir partiyada deputat sayı 1 nəfər artıb – Həşdi Şabi qrupunun daxil olduğu “Fəth” şiə koalisiyasının mandat sayı 48-ə yüksəlib. Belə ki, səslər yenidən sayıldıqdan sonra Bağdad sünni koalisiyasındakı deputat yerlərindən biri ona verilib.

İraq Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini təsdiqlənməsi üçün İraq Konstitusiya Məhkəməsinə göndərəcəklərini deyib. Məhkəmə nəticələri təsdiq etdikdən sonra parlament ilk iclasını keçirəcək və İraqda koalisiya hökumətinin formalaşdırılması üçün danışıqlara start veriləcək.

Lakin Kərkükdəki türkmənlərin rəhbərləri nəticələrdə onların lehinə dəyişiklik olmazsa etiraz aksiyası keçirəcəklərini bəyan ediblər.

Xatırladaq ki, 12 may parlament seçkilərində səslərin sayılmasında və səsvermə prosesində saxtakarlığa yol verildiyinə dair əhalinin, xüsusən də Kərkükdəki türkmən və ərəblərin iddiaları qarşısında iyunda İraq Məclisi (parlament) səslərin yenidən əllə sayılması barədə qərar qəbul etmişdi. Seçki böhranı İraqda yeni hökumətin qurulmasını gecikdirib.

Qeyd edək ki, İraqda parlament seçkilərinin qalibi 54 mandatla Müqtəda əs-Sədrin başçılıq etdiyi “Əs-Sayrun” şiə blokudur.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: İraq   Seçki  





Xəbər lenti