ABŞ Konqressinin tarixində bir ilk olacaq

ABŞ Konqressinin tarixində bir ilk olacaq
  08 Avqust 2018    Oxunub:3547
Fələstin əsilli Amerika vətəndaşı Rəşidə Tlaib ABŞ Konqressinə keçirilən ilkin seçkilərdə Miçiqan ştatı üzrə səs çoxluğu qazanaraq qalib olub. Bununla da o, konqressmendə təmsil olunacaq Fələstin mənşəli ilk müsəlman qadın ola bilər.
AzVision.az “Huffington Post”a istinadən bildirir ki, bu, xanım Tlaibin siyasi sferada əldə etdiyi ilk belə uğur deyil. Bundan əvvəl 2008-ci ildə o, təmsil etdiyi Demokratlar partiyasından Miçiqan ştatının qanunverici orqanına seçilən ilk müsəlman qadın olub.

Bu gün Konqressə keçirilən ilkin seçkilərdə isə öz partiyasından olan digər 5 namizədi geridə qoyub. Bu dəfəki seçkilərdə respublikaçıların iştirak etməyi nəzərə alınsa, noyabrda keçiriləcək aralıq seçkilərdə onun rəqibi olmayacaq və Tlaib Konqressdə mandata sahiblənəcək. Seçiləcəyi təqdirdə Tlaib hər kəsə əlçatan olan tibbi sığorta, minimal əmək haqqlarının saatda 15 dollar müəyyən edilməsi və ABŞ-ın miqrasiya-gömrük mühafizəsinin aradan qaldırılmasına dair ABŞ-ın qanunverici orqanında təkliflər irəli sürəcəyini bildirib.

“Huffington Post” yazır ki, qalib gələrsə, Tlaib ABŞ Konqressinə seçiləcək ilk müsəlman qadın olmayacaq. Çünki digər ştatlardan da çoxsaylı müsəlman qadın namizədlər seçkilərdə iştirak edir. Lakin ümumi nəticələr barədə dəqiq proqnoz vermək çətin olsa da, ən azı Tlaibin Konqressdə Fələstin əsilli ilk müsəlman qadın olacağı indidən bəllidir.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: ABŞ   Konqress   Fələstin   Müsəlman  





Xəbər lenti