İsraildən Əsədə qarşı gözlənilməz addım
“Əsədin qələbəsi labüd və gözlənilən idi. Hesab edirik ki, vəziyyət müharibədən əvvəlki şəraitə qayıdır. Və bu, o deməkdir ki, orada (Suriyada – red) real ünvan, məsuliyyəti öz üzərinə ala biləcək şəxs və mərkəzi idarəçilik var”, – deyə İsrailin şimalındakı müdafiə birliklərinə baş çəkən Liberman jurnalistlərə açıqlamasında bildirib.
Liberman Dəməşqə münasibətdə bu cür müsbət notları ötən gecə İŞİD-in Suriyadakı qolunun İsrail ərazisinə hücum etmək cəhdinin ardından səsləndirib. İsrail ordusu bəyan edib ki, Colan təpələrinə endirilən raketlə 7 terrorçu məhv edilib.
Lakin Liberman təriflə yanaşı Dəməşqə xəbərdarlıq da edib. Bildirib ki, İsraillə Suriya arasında uzunmüddətli sakitliyin olması üçün Əsəd Colan təpələrində demilitarizasiya zonalarını müəyyənləşdirən monitorinqli atəşkəslə bağlı 1974-cü il BMT qətnaməsinə əməl etməlidir. Həmçinin, Dəməşq İranın Suriyada İsrailə qarşı hərbi bazalar yaratmasına icazə verməməlidir.
Əsəd hökuməti isə hələlik Libermanın söylədiklərini şərh etməyib.
Leyla Elbrusqızı
AzVision.az