Afrikada öldürülən Orxan Camal ilə bağlı yeni faktlar

Afrikada öldürülən Orxan Camal ilə bağlı yeni faktlar
  02 Avqust 2018    Oxunub:6955
Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilən rusiyalı jurnalistlərin cəsədlərinin müayinəsi zamanı onlarda işgəncə əlamətləri aşkar edilməyib.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, cəsədlərə baxış zamanı yerli həkimlər onlarda yalnız güllə yaralarının olduğunu müəyyənləşdiriblər.

Xatırladaq ki, iyulun 31-də MAR-da 3 rus jurnalisti – Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenkonun cəsədləri tapılıb. Onların üçü də MAR-a sənədli film çəkmək üçün getmişdilər. Sonuncu dəfə onlarla bazar günü əlaqə saxlanıb. Afrikanın bir neçə informasiya saytları qətlə yetirilənləri şəxsən tanıyan rusiyalı jurnalist Maksim Şevçenko ilə “MBX-media”nın rəhbəri Veronika Kuçıllonun cəsədlərin kimliyini müəyyənləşdirən zaman çəkilən fotolarını yaymışdılar. Şəkilləri tədqiq edən kriminalist ekspert Sergey Myatyuqin iddia edib ki, öldürülən jurnalistlərin bədənlərində işgəncə izləri görünür.

Qeyd edək ki, qətlə yetirilən Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenkonun üzərlərində müxtəlif KİV-lərə məxsus vaxtı keçmiş vəsiqələrin olduğu aşkarlanıb. Rusiya XİN bildirib ki, onların MAR-a səyahəti turistik məqsədlə qeydiyyatdan keçirilib. Onların MAR-da olması haqda nə Rusiya səfirliyinin, nə də prezidentin Rusiya üzrə məsləhətçisinin xəbəri olub.

Jurnalistlərə hücumun dəqiq səbəbləri indiyədək bilinmir. Ehtimallara görə, onlar qarət olunub və sonra güllələniblər. Yerli məmurlar jurnalistlərə hücum edənlərin 10 nəfərə yaxın olduğu və ərəb dilində danışdıqlarını bildirib. Rusiyalı jurnalistlərin qətli ilə bağlı cinayət işi açılıb, istintaq aparılır. Onların cəsədlərinin vətənə qaytarılmasilə Rusiya XİN məşğul olur.

Bundan əvvəl Rusiya XİN xəbərdarlıq etmişdi ki, MAR-da kriminal vəziyyət çox ciddidir və mütəmadi şəkildə silahlı hücumla müşayiət olunan oğurluq və qətl halları baş verir, əcnəbilərə hücum edilir. Bu səbəbdən də, MAR-a səfər etmək olduqca risklidir.

Qətlə yetirilən jurnalistlərdən Orxan Camal Rusiya İslam Komitəsinin sədri, azərbaycanlı politoloq və məşhur filosof mərhum Heydər Camalın oğludur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: CAR   Rusiya  





Xəbər lenti