ABŞ Senatı "F-35"lərin Türkiyəyə satışına qadağa qoydu

ABŞ Senatı "F-35"lərin Türkiyəyə satışına qadağa qoydu
  02 Avqust 2018    Oxunub:4453
ABŞ Konqresinin yuxarı palatası olan Senat ölkənin 2019-cu il üçün 716,3 milyard dollarlıq müdafiə büdcəsini təsdiq edib. Bununla da, Türkiyəyə Amerika istehsalı olan "F-35" qırıcı hərbi təyyarələrinin satışına qadağa qoyulub.
AzVision.az “Hurriyet Daily News”a istinadən xəbər verir ki, sənədə əsasən, Pentaqon Ankaranın "F-35" sazişində iştirakının qiymətləndirilməsinə dair hesabat təqdim etməyincə, həmçinin Türkiyənin Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini alması ilə yarana biləcək riskləri hesablayanadək Senat Ankaraya "F-35" qırıcılarının satışına qadağa qoyur.

Qeyd edək ki, ötən ilin dekabrında Türkiyə "S-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə kredit müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın "S-400" sistemlərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib.

Lakin ABŞ və NATO rəhbərliyi Türkiyənin Rusiyadan "S-400" raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildirmişdilər. Vaşinqton hesab edir ki, "S-400" sistemlərinin alınması Türkiyəyə "F-35" qırıcılarının verilməsinə mənfi təsir edə bilər. Bu cür bəyanatlara rəğmən, Pentaqon 21 iyunda 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Türkiyə   Senat   F-35  





Xəbər lenti