Suriyadakı kürdlər birləşir

Suriyadakı kürdlər birləşir
  16 İyul 2018    Oxunub:2967
Əsasən YPG kürd terrorçularından ibarət Suriya Demokratik Qüvvələri (SDQ) silahlı “müxalif” qrupunun siyasi qolu bəyan edib ki, Suriyanın şimalı və şərqində səlahiyyətlərini gücləndirmək üçün nəzarətlərində olan ərazilərdə vahid idarəetmə forması yaradacaqlar.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə planı SDQ-nin Tabqada keçirilən bugünkü toplantısında Suriyadakı kürd siyasətçilərdən biri, SDQ-nin həmsədri İlham Əhməd bəyan edib.

O, bildirib ki, əsas məqsəd SDQ-nin nəzarəti altında bütün əraziləri birləşdirən administrasiya yaratmaqdır. Əhmədin sözlərinə görə, gələcəkdə sabitlik və təhlüksizliyin təmin edilməsində bu plan işə yarayacaq.

Qeyd edək ki, əsasən YPG-dən ibarət olan SDQ Suriyanın ¼-nə nəzarət edir. Bu, Bəşər Əsəd hökumətinin nəzarətindən kənar ikinci ən böyük ərazidir. Əsasən Suriyanın şimalında məskunlaşan kürdlər ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyasının dəstəyi sayəsində İraqla sərhəddə Deyr əz-Zor əyalətinə və Rakka şəhərinə də nəzarət edirlər.

YPG bəyan edib ki, Suriya münaqişəsinin siyasi yolla həllini istəyirlər və bu səbəbdən indiyədək Əsəd qüvvələrilə birbaşa toqquşmadan yayınıblar. SDQ və YPG kürd silahlı birləşməsi müstəqil dövlət qurmaq niyyətlərinin olmadığını bəyan etsələr də, azlıqların hüquqlarının təmin olunması üçün Suriyanın federativ dövlət olmasını dəstəklədiklərini bildiriblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   kürd   YPG  





Xəbər lenti