NATO ölkələri Trampa “minnətdardır”

NATO ölkələri Trampa “minnətdardır”
  16 İyul 2018    Oxunub:1627
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, NATO ölkələrinin liderlərindən “onları birləşdirməyə və diqqətlərini maliyyələşdirmə ilə bağlı öhdəliklərinə cəmləşdirməyə nail olduğuna görə” çoxsaylı təşəkkür zəngləri alıb.
AzVision.az bildirir ki, bu barədə Tramp özünün tvitter səhifəsində yazıb.

NATO-nun 11-12 iyulda Brüsseldə keçirilən sammitində Tramp ilin sonunadək üzv ölkələrindən öz öhdəliklərinə sadiq qalaraq ÜDM-nın 2 faizini NATO büdcəsinə keçirmələrini tələb edib. Gələcəkdə isə bu rəqəmin artırılaraq, NATO ölkələrinin ÜDM-nın 4 faizini müdafiə xərclərinə ayırmalarını istəyib.

“NATO ölkələri liderlərindən mənə çoxlu zənglər gəldi. Onları birləşdirdiyimə və diqqətlərini həm indiki, həm də gələcək maliyyə öhdəliklərinə cəmləşdirdiyimə görə təşəkkür etdilər. Biz həqiqətən də möhtəşəm sammit keçirdik. Lakin bir çox KİV-lər onu düzgün işıqlandırmadılar. NATO indi güclü və zəngindir.” – deyə Tramp tvitter hesabında yazıb.

Qeyd edək ki, 2 gün əvvəl Almaniya xarici işlər naziri Hayko Maas NATO ölkələrinin hərbi xərclərini ÜDM-un 4 faizinədək artırmalarının dünyanı daha təhlükəsiz etməyəcəyini bildirmişdi. Trampın təklifinə Almaniya ilə yanaşı bir çox Avropa ölkələri, xüsusən də Fransa və İtaliya qarşı çıxıblar.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Avropa   NATO  





Xəbər lenti