Tarixi görüşdə Pompeo prezidenti tək qoymayacaq

Tarixi görüşdə Pompeo prezidenti tək qoymayacaq
  13 İyul 2018    Oxunub:2933
ABŞ dövlət katibi Mayk Pompeo prezident Donald Trampla birlikdə Amerika-Rusiya sammitinə yollanacaq.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən verilən bəyanatda bildirib.

“Pompeo 16 iyulda Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə görüşdə prezident Donald Trampı müşayiət edəcək” – deyə vurğulanıb.

Qeyd edilib ki, Helsinkidə keçiriləcək ABŞ-Rusiya sammitində Pompeonun rusiyalı həmkarı Sergey Lavrovla görüşü planlaşdırılır. Bundan əvvəl Lavrov bildirmişdi ki, görüşün təşəbbüskarı Amerika tərəfidir.

Lakin bir neçə gün əvvəl ABŞ-ın "Politico" qəzeti Ağ Evdən əldə etdiyi siyahıya əsasən xəbər vermişdi ki, ABŞ dövlət katibi Mayk Pompeo, həmçinin Trampın qızı İvanka və kürəkəni Cared Kuşner Putinlə görüşdə iştirak etməyəcəklər.

Trampı "Fox News" telekanalının sabiq rəhbəri, hazırda Ağ Evin kommunikasiya məsələləri üzrə direktoru olan Bill Şayn, Ağ Evin aparat rəhbəri Con Kelli, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton, siyasi məsələlər üzrə köməkçi Stiven Miller və digərləri müşayiət edəcək.

Xatırladaq ki, Trampla Putinin ilk təkbətək görüşü 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq. Danışıqların əsas mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukraynadakı böhran olacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   sammit   Helsinki  





Xəbər lenti