ABŞ Rusiya ilə strateji müqavilədən çıxır

ABŞ Rusiya ilə strateji müqavilədən çıxır
  11 İyul 2018    Oxunub:4272
ABŞ Rusiyanın razılaşma şərtlərini pozduğuna dair əsassız səbəblər gətirərək, Orta və kiçik mənzilli raketlərin ləğv edilməsinə dair 1987-ci il müqaviləsindən çıxmağa hazırlaşır.

AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu İtaliyanın “Il Giornale” qəzetinə müsahibəsində bəyan edib.
Şoyqu bildirib ki, ABŞ Rusiyanın ünvanına müqavilənin şərtlərini pozması ilə bağlı qeyri-müəyyən ittihamlar irəli sürür. Lakin bu iddialar heç bir fakta söykənmir və bu səbəbdən əsassızdır.

Şoyqunun sözlərindən belə çıxıb ki, Vaşinqton bu cür strateji müqavilədən çıxmaq üçün sadəcə bəhanə axtarır. Əslində isə özü sazişin müddəalarını pozur:

“ABŞ “Tomahawk” qanadlı raketlərinin buraxılması üçün istifadə olunan “Mark 41” şaquli buraxılış sistemlərini Avropada yerləşdirməklə bu müqavilənin şərtlərini pozur. Raketlərin dağıdıcı radiusuna Rusiyanın bütün Avropa hissəsi daxildir. ABŞ Rusiyanı öz hegemonluğuna təhdid kimi görür. Bizi Qərbə münasibətdə hansısa aqressiv planlarda ittiham edir, amma özü sərhədlərimizə tərəf yeni qüvvələr cəlb etməyə davam edir”.



Qeyd edək ki, soyuq müharibə dövründə ABŞ prezidenti Ronald Reyqan ilə SSRİ rəhbəri Mixail Qorbaçov arasında 1987-ci ildə Vaşinqtonda imzalanan Orta və kiçik mənzilli raketlərin ləğv edilməsinə dair müqavilə tərəflərin yer tipli 500-1000 və 1000-5500 kilometr uzaqlığa atıla bilən bütün ballistik və qanadlı raketlərini ləğv etməsi, həmçinin gələcəkdə onların istehsalı, sınağı və yayılmasının qadağan olunmasını nəzərdə tutur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər:





Xəbər lenti