XİN rəhbəri “Brexit”ə görə istefa verdi

XİN rəhbəri “Brexit”ə görə istefa verdi
  09 İyul 2018    Oxunub:2882
Böyük Britaniyanın xarici işlər naziri Boris Conson ölkənin Avropa İttifaqından çıxmasilə əlaqədar baş nazirin yürütdüyü "yumşaq siyasətə" etiraz olaraq istefa verib.
AzVision.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Britaniya hökuməti bu barədə məlumatı təsdiqləyib. Hökumətdən bildiriblər ki, baş nazir Tereza Mey xarici işlər nazirinin istefa ərizəsini qəbul edib.

Qeyd edək ki, bu gün həmçinin Böyük Britaniyanın “Brexit” məsələləri üzrə naziri Devid Devis də baş nazirlə yaşanan gərginlik və fikir ayrılığı fonunda istefa verib.

Xatırladaq ki, bir neçə gün əvvəl Britaniyanın baş naziri Tereza Mey söz vermişdi ki, əgər ölkənin Avropa İttifaqından rahat yolla çıxışına dair onun planını pozmağa çalışsalar, xarici işlər naziri Boris Consonu və digər nazirləri istefaya göndərəcək.

2016-cı ilin yayında Böyük Britaniyada keçirilən referendumda əhali ölkənin Avropa İttifaqından çıxmasının lehinə səs verib. Bununla da, London "Brexit" prosesinə start verib. Lakin Britaniya hökumətinin bəzi üzvləri baş nazir Tereza Meyi Avropa İttifaqı ilə danışıqlarda "yumşaq mövqe" sərgiləməkdə ittiham edirlər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Britaniya   Avropa   Brexit  





Xəbər lenti