Qarabağda döyüşən yeganə aktrisamız: “Bədənimdə 100-ə yaxın qəlpə vardı” – VİDEO+FOTOLAR

Qarabağda döyüşən yeganə aktrisamız: “Bədənimdə 100-ə yaxın qəlpə vardı” – VİDEO+FOTOLAR
  28 İyun 2018    Oxunub:48814
Müsahibimiz bir neçə ay əvvəl Xalq artisti adını alan aktrisa, Qarabağ döyüşçüsü Şükufə Musayevadır. Çoxları bəlkə də onun birinci Qarabağ müharibəsində iştirakından xəbərsizdir. Amma Şükufə xanım döyüşlərin ən qızğın vaxtlarında cəbhəyə yollanaraq düşmənlə mərdi-mərdanə savaşıb.
Akrtisa ilə söhbətimiz zamanı teatr səhnəsindən, film çəkilişlərindən tutmuş qanlı Qarabağ döyüşlərində qədər bir çox mövzulara işıq salmağa çalışdıq.



Məlumat üçün bildirək ki, Ş.Musayeva 1988-ci ildə Şuşa Mədəni-Maarif məktəbinin özfəaliyyət teatr kollektivinin rəhbəri fakültəsini, 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsinin qiyabi şöbəsini bitirib. 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisasıdır. 1991-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. O, Azərbaycanın döyüşə qatılan ilk qadın aktrisasıdır.

Ş.Musayevanın neçə-neçə tamaşada yaratdığı rollar hafizələrdə unudulmaz izlər buraxıb. Onun Telli ("Arşın mal alan", Üzeyir Hacıbəyov), Nailə ("Özümüz bilə-rik", S.Ələsgərov və Ş.Qurbanov), Nisə ("Durna", S.Rüstəmov və S.Rüstəm), Gülcamal ("Ayının min bir oyunu", S.Qənizadə), Marqarita ("Marqaritka", A.Salakru), Məkkə ("Gözəlləri necə qaçırırlar", B.Appayev), Hind şahzadəsi və saray əyanı ("Xəlifə Leylək", V.Qauf), Susanna ("Aydın", C.Cabbarlı), Qadın və dəli ("Ağıllı adam", F.Mustafa), Güləndam nənə ("Şuşa dağlarını duman bürüyüb", Elçin), Berta ("Sehirli kreslo", F.Karinti), Gülzar ("Pənah evi", Ə.Quluzadə), Fəxründə xanım ("Bayramın birinci günü", N.Hikmət), Şərəf xanım ("Tamahkar", S.S.Axundov), Sona xanım ("Dağılan tifaq", Ə.Haqverdiyev), Xurşid Banu Natəvan ("Güllələnmiş heykəllərin fəryadı", H.Mirələmov) obrazları müxtəlif səpgili olsa da, aktrisa bu rolların öhdəsindən məharətlə gəlməyi bacarıb.



Ş.Musayeva 1998-ci ildə keçirilən II Ümumrespublika Eksperimental tamaşalar festivalında Ana ("Addım səsləri", S.Bekket), 1999-cu ildə keçirilən "Milli klassika" festivalında Şəhrəbanu xanım ("Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur", M.F.Axundov), 2002-ci ildə keçirilən A.Şərifzadə adına "Üfüq-XX1" mono tamaşalar Festivalında Uşaq ("Çiçəklər açılanda", A.Həsənoğlu), 2005-ci ildə keçirilən "Boş məkanın dolğunluğu" teatr festivalında Qadın ("Musiqili məktublar", F.Mustafa) kimi müxtəlif xarakterli rollar oynayaraq, Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən diplom və mükafatlara layiq görülüb. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib. 2003-cü ildə, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə,1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülüb. 2000-ci ildə Əməkdar artist, 27 may 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adlarını alıb.


- Şükufə xanım, necəsiniz?

- Çox sağ olun, yaxşıyam. Yaxınlarda Xalq artisti adını aldım.Ona görə də sevincliyəm. Xəbəri eşidəndə sevincimdən ağladım.

- Mətbuatda sizinlə bağlı müsahibələrə rast gəlmədim. Haqqınızda məlumatlar elə də çox deyil. İstəyərdim, necə bir ailədə böyüməyinizdən, incəsənətə gəlişinizdən danışaq...

- Anamın da, atamın da nəslində incəsənəti sevənlər olub. Ailədə 9 uşaq olmuşuq. Qardaşım Bayram Musayev də oxuyurdu. AzTV -nin solisti idi. Keçid dövründə bir az çətinliklər oldu deyə sənətdən uzaqlaşdı. Mən isə balaca vaxtımdan aktrisa olmaq fikrində olmuşam. Məktəb inşalarında aktrisa olacağımı yazırdım. Sinif rəhbərim Şirin müəllim dedi, ailən icazə verəcəkmi?". Dedim, əlbəttə. Mənim arzumdur, mən o arzuma mütləq çatacağam. Kiçik yaşlarımdan şeirlər deyib, obrazlar yaradırdım. Hüseyin Cavidin “Afət” əsərindən Afətin obrazını oynayırdım. Onun ölüm səhnəsini canlandırırdım. Ən çox da bayatılar deyirdim.



-Səhnəyə çıxdığınız ilk günləri necə xatırlayırsınız, hansı çətinliklərlə qarşılaşdınız?

- Sevgim böyük olduğuna görə çətinliklər mənim üçün adi olub. Səhnə müqəddəs yerdir. Müqəddəsliyin içində insan gərək özü də müqəddəs olsun.

-Yolunuz Şuşa teatrına necə düşdü?

- Mən Şuşada oxumuşam, sonra da Şuşa teatrında çalışmışam.

- Deməli, Şuşanı görmüsünüz?

- Əlbəttə, mən səkkiz il Şuşada yaşamışam. Texnikomu bitirəndə 19 yaşım var idi. Şuşa çox gözəl, cənnətə bərabər yer idi. Oranın havasını mən heç bir ölkənin havasına dəyişə bilmərəm. Cıdır düzü, Qırxpilləkən, İsa bulağı hələ də xatirəmdədir. İsa bulağının soyuq suyunun dadı yaddan çıxarmı?! Cıdır düzündən xarıbülbül, maralotu dərmişəm.

-Bəlkə də, müharibəyə getməyinizə səbəb o yerləri canlı görməyinizdir...

- Doğma yerlərim odu-alovun içində yanırdısa, kənardan baxa bilməzdim. Mən dözə bilmirdim, ona görə də qərara gəldim ki, vətənim üçün nəsə edim. İki il döyüşdə olmuşam.



- Təxminən neçənci illərdə döyüşmüsünüz?

- 1991-ci ilin axırı döyüşə getdim, 1993-cü il martın 3- də ağır yaralandım. Üzüm təmiz yanmışdı, 7 tikiş qoymuşdular. Bədənimdə 100-ə yaxın qəlpəm var idi. Boğazımda damarın içində hələ də qəlpə var. Amma heyif olsun . O cür gözəl yerlər düşmən tapdağı altında qaldı.

- Axrıncı dəfə Şuşanı nə zaman görmüsünüz?

- 1992-ci ilə qədər orada idim. Şuşa işğal olunan gün orada olsaydım, bəlkə də sizinlə söhbət etmirdim. Həmin vaxt Laçında idim. Dedilər, Şuşa işğal olunub. Dedim, yalan deyirsiniz, siz nə danışırsınız? Şuşa işğal oluna bilməz. Ancaq gördük ki, tüstüsü ərşə qalxıb. İşğalın şahidi oldum.

-Müharibəyə getməyinizə ailənizin münasibəti necə oldu?

- İstər qadın, istərsə kişi olsun, fərq yoxdur. Vətən hamımızın canıdır. Hamımız bu vətəndən çörək yeyib, su içirik. Ana və atamı çox kiçik yaşlarımda itirmişəm. Bacılarım bildi və etiraz etmədilər. Onlar da döyüşə getmək istəyirdilər. Əgər vətən olmayacaqsa, deməli, biz də olmayacağıq. Ona görə də hamı gedib döyüşməli və canını qurban verməli idi.



- Hansı istiqamətlərdə döyüşdə olmusunuz?

- Şuşa, Laçın və Ağdərədə. Axrıncı döyüş yolum Ağdərədən keçdi və orada yaralandım. Yaralanandan sonra yenə də təkid etdim ki, mən döyüşməyə getmək istəyirəm. Bir il xəstəxanada yatdım. Hər dəfə gəlib bir rayonumuzun işğal olunduğunu deyəndə dözə bilmirdim. Qışıqırıb ağlayırdım, həkimlər deyirdilər ki, bu qız dəli olub.

Müharibə zamanı snayper idim. Eyni zamanda yaralılarımızı döyüş bölgəsindən çıxartmışam və ilkin tibbi yardım göstərmişəm. Döyüşlərin hamısı yadda qalan və dəhşətli idi. Yanımda döyüşçülərin tikə -tikə olması heç vaxt yaddan çıxmaz.

- Döyüşlərdə sizdən başqa xanımlar var idimi?

- Çoxusu tibb bacısı idilər və əsas döyüşə xanımları buraxmırdılar. Amma mən ən ağır döyüşlərə girirdim. 36 erməni əsirimiz var idi. Biz ermənilər kimi əsirlərə vəhşicəsinə davranmırdıq.

-- Müxtəlif görüşlü insanlar var. Onlar Qarabağ məsələsinin həlli barədə fərqli düşünürlər. Kimi mübarizə aparmağı məsləhət görür, kimi isə həllin sülhdən keçdiyini deyir. Döyüşdə olmuş adam kimi siz bu barədə nə deyə bilərsiniz?

- Mən öz adımdan deyirəm ki, heç vaxt onları bağışlamaram. Axı onlar kimdilər? Sonradan bura gələn adamlardılar. İndi başımıza bəla açırlar. Siz kimsiniz ki, torpaq iddiasına düşürsünüz? İnsanlarımızı qırdılar, məhv elədilər. Cənnət məkan yerləri cəhənnəmə döndərdilər.



- Ağdam ən çox nə ilə yadınızda qalıb?

- Gözəlliyi, təbiəti, dağları, insanları ilə.

- Adətən xanımlar zərif olur. Silahdan istifadə etmək, kimisə öldürmək onlara çətin gəlir.

-Düşməni öldürmək lazımdır. Onu öldürməsən, səni öldürəcək. Əgər ermənilərin haqları olsaydı, onları öldürmək günah olardı. Amma haqları deyil axı. Yanan torpaq mənimdir.

- Bəs silahdan istifadə etməyi harada öyrənmişdiniz?

- Hərbi hazırıq dərsindən 5 almışam. Yarışlarda yüksək nəticə verirdim. Müəllim məni uşaqlara nümunə göstərirdi.

- Sonuncu döyüşünüz harada olub, o günləri necə xatırlayırsınız?

- Ağdərədə Sərsəng su anbarı uğrunda döyüşürdük. Orada 8 nəfərimiz yaralandı, 2 nəfərimiz şəhid oldu. Bizim tərəfdən ölənlər var idi, onları gətirəndə bizi vurdular. Yeni bir silah var idi, istilik onu çəkirdi. BMP-nin matorunun istiliyinə gəldi. Partlayış oldu. Döyüş yoldaşlarım deyirdilər ki, qayanın dibinə düşmüşəm, oradan çıxardıblar. Xəstəxanada 3 gündən sonra ayılmışam. Qışqırırmışam ki, komandir, kömək edin, uşaqlar yandı. Bir il xəstəxanada yatdım.

Yaralanandan sonra döyüş bölgəsinə buraxılmadım. Ancaq Şuşa teatrı ilə bərabər cəbhəyə gedib çıxış edirdim. Döyüş yoldaşlarımla orada qarşılaşırdıq.



- Hansı döyüşü səhnələşdirmək istərdiniz?

- Mən etmişəm. Bununla bağlı əsər də yazmışam. Birinin adı “Cənnət yolu”, digəri “Bu yol nə uzun oldu” adlanır.
.
- Hazırda Şuşa teatrında hansı tamaşalar üzərində çalışırsınız?

-“Dəli Domrul” tamaşası hazırlanır. Bundan əvvəl "Aşıq Qərib" idi. Xırdalan Mədəniyyət Evində isə “Cücəni payızda sayarlar” tamaşası oynanılacaq.

- Şuşa teatrı tamaşalarını publikaya hansı məkanlarda çatdırır?

- Tamaşalarımızı paytaxtda yerləşən teatrlarda oynayırıq.

- Baxmayarq ki, xalq artisti adını almısınız, amma çox da tanınmırsınız. Bu nə ilə bağlıdır?

-Qismət, ola bilsin ki, göz önündə deyiləm, ona görə.

-Çalışdığınız teatı dəyişmək istəyərsinizmi?

-Xeyr, istəmirəm, bu teatra borcluyam.













Şahanə Rəhimli
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov/Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Xalq-artisti   Aktrisa   Qarabağ  





Xəbər lenti