Yəmən münaqişəsi: Husilərin təslim olacağı gözlənilir

Yəmən münaqişəsi: Husilərin təslim olacağı gözlənilir
  22 İyun 2018    Oxunub:2848
Husilər Yəmənin Hudeyda şəhərinin ərəb ölkələri koalisiyası tərəfindən hücuma məruz qalan liman hissəsini BMT-nin idarəçiliyinə verməyə hazırdırlar.

AzVision.az bildirir ki, bu barədə "Reuters" BMT-dəki mənbəyə istinadən məlumat yayıb.
BMT rəsminin sözlərinə görə, ABŞ Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini husilərin bu təklifini qəbul etməyə çağırıb. Ərəb ölkələrinin koalisiyası isə bu həftə Yəmənin husilərin nəzarətində olan paytaxtı Sənaya və Səudiyyənin Ciddə şəhərinə səfər edən BMT baş katibinin Yəmən üzrə xüsusi elçisi Martin Qriffitsə deyib ki, husilərin təklifi ilə tanış olacaqlar.

BMT rəsmisi qeyd edib ki, bu plan Yəmən münaqişəsinin bütün tərəflərinin razılığını tələb edir. Lakin Hudeyda limanının BMT nəzarətinə keçməsi atəşin dərhal dayandırılacağı anlamına gəlmir.

Bazar ertəsi husi silahlı üsyançılarının təmsilçisi Şaraf Lukman isə bəyan etmişdi ki, Hudeyda limanının heç bir tərəfə, o cümlədən BMT-yə verilməsi məsələsini nəzərdən keçirmirlər.

Xatırladaq ki, Yəməndə silahlı münaqişə 2014-cü ildə başlayıb. Münaqişənin tərəfləri ölkənin sabiq prezidenti Əli Abdullah Salehə sadiq ordu hissələri və şiə husi üsyançılar ilə, hazırkı prezident Mənsur Hadi hökuməti və ona sadiq ordu birləşmələridir. 2015-ci ildən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələri hərbi koalisiyası legitim hökumətə dəstək üçün Yəməndə husilərə qarşı əməliyyata başlayıb. ABŞ isə bu koalisiyaya kəşfiyyat və loqistika köməyi edir. Hazırda Yəmənin paytaxtı Səna şəhəri husilərin nəzarətindədir.

14 iyundan başlayaraq, koalisiya qüvvələri Yəmənin Hudeyda liman şəhərindən husiləri çıxarmaq üçün “Qızıl qələbə” adlı hərbi əməliyyatlara başlayıb. Hudeyda Yəmənin şimalına humanitar yardımın çatdırılması üçün yeganə məntəqədir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Yəmən   BMT   ABŞ   koalisiya   husilər  





Xəbər lenti