Urmiya gölü parlamentin müzakirəsinə çıxarıla bilər

Urmiya gölü parlamentin müzakirəsinə çıxarıla bilər
  04 Fevral 2013    Oxunub:2344
“Urmiya gölünün quruması və ətrafdakı artezian quyularının suyunun yararsız vəziyyətə düşməsi bölgədə yaşayan sakinlərə ciddi problemlər yaradır”.
Bunu Şərqi Azərbaycan vilayətinin Təbriz, Üskü və Azərşəhr (Tufarqan) şəhərlərini İran parlamentində təmsil edən deputat Məhəmməd İsmayıl Səidi bildirib.
Onun sözlərinə görə, bölgədə suyun 90%-i artezian quyularından çıxan su vasitəsilə təmin olunur: “Yerli sakinlər də öz əkinlərini, bağlarını bununla suvarırlar. Lakin Urmiya gölünün quruması bölgə üçün ciddi problemlər yaradır. Belə ki, su çatışmazlığı və şorlaşma insanların gündəlik yaşamını çətin vəziyyətə salır. Bu baxımdan bölgə ciddi böhran vəziyyətindədir. Vəziyyət əkinçilik, bağçılıq və maldarlığın inkişafına da ciddi təhlükə törədir. Bu isə nəticə etibarilə bölgə əhalisinin gəlirlərinin azalmasına və öz torpaqlarını tərk edərək digər şəhərlərə köçməsinə səbəb olacaq. Artıq Şirəmin və Gugan çölü su çatışmazlığına görə əkinçilik üçün tamamilə yararsız vəziyyətə düşüb”.
Millət vəkili deyib ki, Urmiya gölündəki ekoloji fəlakət parlament və hökumətin gündəliyində olmalıdır: “Urmiya gölündəki ekoloji faciənin qarşısı alınmalıdır. Eyni zamanda bölgənin müvafiq qurumları, deputatları problemin tezliklə aradan qaldırılması üçün birgə həll yolu tapmağa çalışmalıdırlar”.


Teqlər:  





Xəbər lenti