Bu şəxslər 5 ildən bir sertifikasiyadan keçəcək
Qanun layihəsinin 7-ci (Optikaçılıq və optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər) maddəsinə əsasən, tibbi optikaçılıq və optometriya ixtisası üzrə mütəxəssis hazırlığı ali və ya orta ixtisas təhsili müəssisələrində (fakültələrində), eləcə də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hazırlıq kursları vasitəsi ilə həyata keçirilir.
Azərbaycanda tibbi optikaçılıq və optometriya fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunan hazırlıq kursunu keçməli və imtahan verərək müvafiq şəhadətnamə (optikaçı şəhadətnaməsi və optometrist şəhadətnaməsi) almalıdırlar. İxtisas şəhadətnaməsi müddətsiz verilir və şəxsin imtahanı müvəffəqiyyətlə verdiyini təsdiq edən sənəddir.
Həkim-oftalmoloqlar, tibbi optika və optometriya ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış şəxslərin tibbi optikaçılıq və optometriya xidmətləri göstərməsi üçün şəhadətnamə alması tələb olunmur.
Optikaçılıq və optometriya fəaliyyəti ilə məşğul olan həkim-oftalmoloqların həmin müddətdə tibb müəssisəsində həkim-oftalmoloq kimi fəaliyyət göstərməsinə yol verilmir.
Optikaçı və optometrist şəhadətnaməsinin alınması üçün hazırlıq kursunun və ixtisas imtahanının təşkil olunması, şəhadətnamənin, onun dublikatının forması və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Tibbi optika və optometriya ixtisasları üzrə orta ixtisas və ali təhsilin məzmunu və təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Tibbi optikaçılıq və optometriya fəaliyyəti ilə məşğul olan şəxslər peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 ildə bir dəfə sertifikasiyadan keçirlər.
Qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə olunacaq.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Optika Milli-Məclis Qanun