Ərdoğandan ABŞ-a "F-35" xəbərdarlığı

Ərdoğandan ABŞ-a "F-35" xəbərdarlığı
  02 İyun 2018    Oxunub:4283
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ı beşinci nəsil "F-35" qırıcılarının verilməsilə bağlı razılaşmalardakı öhdəliklərini yerinə yetirməyə çağırıb.
AzVision.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Ərdoğan bildirib ki, Ankaranı başqa qapıları döyməyə məcbur etmək lazım deyil.

“Deyirik ki, ABŞ bizim strateji müttəfiqimizdir. Mən bu məsələni ABŞ prezidenti ilə müzakirə etmişəm. Həmçinin nümayəndə heyətlərimizin danışıqlarında da bu məsələ müzakirə edilib. Əgər strateji tərəfdaşıqsa, onda ABŞ bu məsələdə hansısa hüquqi səhvlər buraxmamalıdır”, - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, ötən ilin dekabrında Türkiyə "S-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə kredit müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın "S-400" sistemlərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib.

ABŞ və NATO rəhbərliyi Türkiyənin Rusiyadan "S-400" raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildiriblər. ABŞ Konqresinin nümayəndələr palatasının ötən həftə təsdiq etdiyi 2019-cu maliyyə ili üçün Pentaqonun büdcə qanun layihəsində vurğulanıb ki, Pentaqon Ankaranın Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri alması haqqında xüsusi hesabat təqdim etməsə, ABŞ müdafiə naziri Türkiyəyə amerikan silahlarının verilməsini təsdiq edə bilməz.

Bundan əlavə Vaşinqtondan bəyan edilib ki, "S-400" sistemlərinin alınması Türkiyəyə "F-35" qırıcılarının verilməsinə mənfi təsir edə bilər. Daha sonra isə məlumat yayıldı ki, Türkiyə Amerikanın "F-35"ləri əvəzinə Rusiyanın beşinci nəsil "Su-57" qırıcılarını ala bilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   S-400   ABŞ   F-35  



Xəbər lenti