Paşinyanın rusofob məmurları: Moskvanın narahatlığı üçün əsas var

Paşinyanın rusofob məmurları: Moskvanın narahatlığı üçün əsas var
  30 May 2018    Oxunub:2536
Ermənistanda küçə etirazlarının tribunalarından baş nazir kreslosuna əyləşən Nikol Paşinyanın hansı xarici-siyasi kurs götürəcəyi çoxlarında maraq doğurur. Ən çox da Rusiyada. Baxmayaraq ki, Paşinyan Rusiya ilə strateji müttəfiqlik münasibətlərini qoruyub saxlayacağını və xarici siyasətdə ciddi dəyişiklik etməyəcəyini bəyan edib, buna rəğmən şimal qonşumuzun narahatlığı üçün kifayəq qədər səbəblər var.
Həmin səbəblər isə “Moskovskiy komsomoleç" qəzetində dərc olunan “Niyə mötədil Paşinyanın komandasında bu qədər rusofob var?” başlıqlı məqalədə göstərilir. Məqalənin müəllifi erməni Anait Ter-Ohanyandır.

Məqalədə qeyd olunur ki, rus ekspertlərin Ermənistanda yaşanan son hadisələrə reaksiyası çox maraqlıdır. Çünki hələ dünən Ukraynadakı dövlət çevrilişini qınayan həmin politoloqlar bu gün deyirlər ki, Ermənistandakı anoloji proseslər heç də Maydan deyil. Və ümumiyyətlə, gərək Ermənistan eyni arşınla ölçülməsin. O, hələ də Rusiya meyllidir və etirazlar da dinc keçib, heç kəs öldürülməyib. Odur ki, Moskva rahat yata bilər: Ermənistanda hakimiyyət dəyişikliyi onun maraqlarına təhlükə yaratmır. Çünki bir çox rus və erməni ekspertləri Nikol Paşinyanı ruspərəst olmasa da, heç olmasa lövhəyə çıxardığı öz adamı, ən azından Ermənistanın Rusiyadan qaçıb gizlənə bilməyəcəyini dərk edən praqmatik adam kimi təqdim etməyə çalışırlar. Və buna görə də o, xarici siyasətdə Rusiya ilə strateji tərəfdaşlığa yönələn əvvəlki kursu mütləq davam etdirəcək. 14 mayda Putinlə Soçidəki görüşündə Paşinyan özü də bunu bəyan edib.

Lakin məqalədən aydın olur ki, rus politoloqların bu cür əsassız arxayınlığı heç də doğru deyil. Bunu yaxın keçmişdə yaşanan oxşar nümunələr də təsdiq edir.

“Moskva, əlbəttə ki, rahatca yatıb şirin yuxular görə bilər... Lakin bir gün oyanıb tamam başqa geosiyasi reallıqla üzləşməyə risk edir. Bəli, Ermənistandakı inqilab Ukraynadakından heç olmasa, dinc şəraitdə keçməsilə fərqlənir. Amma Gürcüstandakı “rəngli inqilab” da tamamilə qan tökülmədən edilmişdi. Şverdnadze də demək olar ki, könüllü istefa vermişdi. Doğrudur, küçələrin təzyiqi ilə bunu etmişdi. Amma bütövlükdə gürcü inqilabı haqlı olaraq “məxməri” adlandırıla bilər. İndi çox az adam bunu xatırlayar, lakin Mixail Saakaşvili hakimiyyətə gələndə ilk səfərini Moskvaya etdi və orada birinci böyük auditoriya qarşısında, sonra isə Putinlə ikitərəfli görüşündə rus-gürcü dostluq ənənələrini müqəddəs tutacağına and içdi. Bunun nə ilə nəticələndiyini isə, hamımız çox yaxşı xatırlayırıq.”

Müəllifin fikrincə, rus politoloqları gərək hər şeydən əvvəl Paşinyanın gördüyü işlər və hərəkətlərinə dəqiq baxsınlar. Çünki baxılası şey çoxdur. Baxmayaraq ki, baş nazir kreslosuna əyləşməsinin heç bir ayı tamam olmayıb... Paşinyanın gördüyü vacib işlər sırasına nazirlər kabinetinin yeni tərkibdə formalaşdırılması və digər mühüm təyinatlar da daxildir. Bu mənada, müəllif “Bəs, Ermənistanın yeni başçısının komandasına kimlər daxil olub?” sualına elə özü də müfəssəl cavab verərək, rus politoloqların və Rusiyada Ermənistan rəhbərliyinə simpatiya ilə baxanların gözlərini açmağa çalışıb.

Qeyd olunur ki, Ermənistanın əmək və sosial məsələlər naziri, “Yelk” blokunun üzvü Mane Tandilyan Ermənistanın Amerika universitetində menecment ixtisası üzrə təhsil alıb. 2009-cu ildən Amerika şirkəti “Sinopsis Ermənistan”ın maliyyə direktorudur.

Elm və təhsil naziri Araik Arutyunyan qrant təşkilatı olan “Helsinki assossiasiyası”nda çalışıb. 2014-cü ildən isə “Transparency International”da işləyib. Rusiyada bu təşkilat “xarici agent” kimi tanınır. “Transparency International” korrupsiya ilə beynəlxalq mübarizə üzrə fəaliyyət göstərdiyini bəyan etsə də, ABŞ kəşfiyyatının sənədlərində bir sıra ölkələrdə seçkilərə müdaxilə, dövlət çevrilişi və rəngli inqilablar etmək üçün bu təşkiltın “xidmətlərindən” geniş istifadə olunduğu etiraf edilib.

Ermənistan Təhlükəsizlik Şurasının yeni sədri Armen Qriqoryan da elə həmin “Transparency International”da seçki proqramlarının koordinatoru vəzifəsində çalışıb. Məqalənin müəllifi onu da qeyd edir ki, “Transparency International” Ermənistan və digər ölkələrdə Rusiya əleyhinə işləyən Soros fondu tərəfindən maliyyələşdirilir.

Dövlət nəzarət xidmətinin rəisi David Sanasaryan da olduqca maraqlı personajdır. Əvvəllər o, erməni əsilli amerikalı Raffi Ovannisyanın rəhbərlik etdiyi qərbyönümlü “İrs” partiyasının üzvü olub. Ermənistanda Sanasaryan qatı rusofob reputasiyaya malikdir: Rusiyanın İrəvandakı səfirliyi önündə keçirilən anti-rus aksiyalarında mütəmadi iştirak edərək, rus hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edib.

Məqalədə Ermənistanda ən vacib postlardan biri – müdafiə naziri vəzifəsinə isə Paşinyanın konkret olaraq, NATO və ABŞ kəşfiyyatına işləmiş David Tonoyanı təyin etməsi faktlarla göstərilir: “Bu insan olduqca parlaq bioqrafiyaya malikdir. 1998-ci ildən NATO əməliyyatlarının birgə komandanlığında müxtəlif vəzifələrdə çalışıb. 2004-dən 2007-ci ilədək Ermənistan silahlı qüvvələrinin NATO-dakı nümayəndəsi olub. Bu yaxınlarda Ermənistandakı “məxməri inqilab” ərəfəsində isə xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən rus saytlarında təsdiq olunurdu ku, NATO-da işlədiyi vaxt Tonoyan 2005-ci ildə Amerika xüsusi xidmət orqanlarına işləməyə başlayır və məhz bundan sonra onun karyerasında yüksək sıçrayış baş verir. Hətta Tonoyanın kuratorunun adı da çəkilib: ABŞ hərbi attaşesinin əməkdaşı mayor Erik Larsen. O da təsdiq olunub ki, hazırkı müdafiə naziri Ermənistanda Amerikaya məxsus biolaboratoriyalar şəbəkəsinin yaradılması üzrə layihənin koordinatorudur. Bu cür laboratoriyalar artıq Gürcüstan və Ukraynada “uğurlu” fəaliyyət göstərir və məlumatlara görə, bioloji silah yaradılması üzərində işləyirlər.”

Müəllifin fikrincə, ən qalmaqallı təyinat diaspora nazirinin müavini vəzifəsinə Babken Ter-Qriqoryanın gətirilməsi oldu. O, Parisdə böyüyüb, cavanlığını isə ABŞ-da keçirib və elə orada da təhsil alıb. Ermənistanda Ter-Qriqoryan Soros fondunun həyata keçirdiyi proqramların koordinatoru olub, “Transparency International”da və planetin müxtəlif “qaynar nöqtələrində” ərazilərin minadan təmizlənməsi ilə məşğul olan “HALO Trust” təşkilatında işləyib. Rusiya xüsusi xidmət orqanları “HALO Trust” təşkilatını casusluqda ittiham edib. Lakin məqalədə vurğulanır ki, Ter-Qriqoryanı məşhurlaşdıran təkcə karyerası deyil. O, əlində Putinin ünvanına çox təhqiramiz söyüş yazılan plakatı tutduğu şəkli ilə daha çox məşhurlaşıb. Müəllifə görə, bu, Paşinyanın da söylədiyi kimi, Ermənistanın strateji tərəfdaşı olan bir ölkənin lideri ilə əlaqələr qurmaq üçün “çox yaxşı” başlanğıcdır.

Paşinyan Ermənistanın yeni seçki məcəlləsi üzərində işə rəhbərliyi isə “Məlumatlı vətəndaşlar ittifaqı” QHT-nin koordinatoru Daniel İohannisyana tapşırıb. “Məlumatlı vətəndaşlar ittifaqı”nın işini isə Soros fondu və Amerikanın bir sıra başqa fondları, o cümlədən Demokratiyaya dəstək milli fondu (NED) maliyyələşdirirlər. NED Gürcüstan, Ukrayna və digər ölkələrdə anti-Rusiya qüvvələrin hakimiyyətə gəlməsilə nəticələnən ”rəngli inqilablara” sponsorluq etməsilə tanınır. İohannisyanın “Məlumatlı vətəndaşlar ittifaqı” təşkilatı Ermənistanın Avrasiya İqtisadi Birliyində iştirakının əleyhinə aktiv iş aparıb və Avropa İttifaqı ilə sıx inteqrasiyasının tərəfdarıdır.

Qərbpərəst təyinatlarla zəngin Paşinyan hökumətinin bu “özəlliyi” məqalənin sonunda belə bir cümlə ilə ümumiləşdirilir: "Çox gözəl komandadır və ən əsası, Ermənistanın başlıca geosiyasi müttəfiqi - Rusiya ilə tərəfdaşlıq münasibətlərinin qurulması üçün olduqca "münasibdir"."

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti