"Bu, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir" - Əflatun Amaşov

"Bu, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir" - Əflatun Amaşov
  30 Mart 2018    Oxunub:1435
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalisti təhqir etməsinə dair yayılan məlumatlara münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, Ə.Amaşov "Facebook" hesabında qeyd edib ki, söyüş və təhqir elm adamı üçün qətiyyən yolverilməzdir.

"Kütləvi informasiya vasitələrində Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalisti təhqir etməsinə dair məlumatlar yayılıb. Mən şəxsən hadisənin təfərrüratlarına, necə və hansı şəraitdə baş verməsinə dair dəqiq bilgiyə malik deyiləm. Ancaq hər bir halda hesab edirəm ki, yazılanlar doğrudursa, yəni peşə fəaliyyətini yerinə yetirən jurnalist R.Məmmədova hansısa məsələ ilə əlaqədar fikir öyrənmək üçün müraciət edibsə, qarşılığında söyüş və təhqir eşidibsə, bu, bir elm adamı üçün qətiyyən yolverilməzdir, qəbuledilməzdir, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir. Əmin olmaq istərdim ki, Milli Elmlər Akademiyasının rəhbərliyi bununla bağlı ciddi ölçü götürəcəkdir"- MŞ sədri yazıb.



Qeyd edək ki, AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistlərin ünvanına təhqiramız fikirlər söyləməsi, onları “bezdarnı”, "savadsız", "heç nəyə yaramayan" adlandırması qələm əhlinin etirazına səbəb olub.

AzVision.az


Teqlər: Əflatun-Amaşov  





Xəbər lenti