Ayaqları ilə rəsm çəkən azərbaycanlı qız

Ayaqları ilə rəsm çəkən azərbaycanlı qız
  09 Mart 2018    Oxunub:3314
Azərbaycan Fransız İnstitutunda ayaqları ilə rəsm çəkən rəssam-sənətkar Samirə Salmanovanın şəxsi əsər kolleksiyasının açılışı baş tutacaq.
Fransanın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, açılış 16 mart, saat 15.00-da olacaq.

Qeyd edək ki, 1981-ci ildə anadan olmuş Samirə “uşaq-serebral iflic” diaqnozu ilə anadangəlmə xəstə doğulub. O yerimir, ayaq üstə dura bilmir, əlinə heç bir şey götürə bilmir, eşitməsi yaxşı olsa da, danışa bilmir. Bütün bu çatışmazlıqlara baxmayaraq, Samirədə İlahi tərəfindən verilmiş fitri istedad vardır. Belə ki, Samirə yeganə ümidi olan ayaq barmaqları ilə olduqca gözəl rəsm əsərləri yaradır. Samirənin heç bir dərs almamasına baxmayaraq, o, ayaq barmaqları ilə yazı yazır, şəkil çəkir, kompüterlə sərbəst işləyir, hətta diyircəkli kresloda oturduğu yerdə ayaq barmaqları ilə xırda ev işlərini də yerinə yetirir.

2002-ci ildə Moskvada keçirilən Beynəlxaq “Filantrop fondu”nun sərgisində böyük nailiyyətə imza atmışdır. Samirənin ayağı ilə çəkdiyi ən qiymətli əsərləri Moskvanın Tretyakovski Qalereyasında nümayiş etdirilərək oranın fonduna qəbul edilib.

Hazırda Samirə “Əlil qadınlar”, “Əlillərin beynəlxalq əməkdaşlığı” və digər bu kimi cəmiyyətlərin fəal üzvlərindəndir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Fransa   Azərbaycan  





Xəbər lenti