Avropa Parlamentinin üzvləri Xocalı ilə bağlı bəyanat yayıb

Avropa Parlamentinin üzvləri Xocalı ilə bağlı bəyanat yayıb
  26 Fevral 2018    Oxunub:2280
Avropa Parlamentində (AP) yeni yaradılmış Azərbaycanın Dostları Klubunun üzvləri Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul ediblər.
AzVision.az xəbər verir ki, bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və Azərbaycanın Dostları Klubunun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bu bəyanat Xocalı qətliamı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir.

Bəyanatda Azərbaycan xalqının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş amansız cinayətlə üzləşməsi, nəticədə 613 mülki şəxsin, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın həyatını itirməsi, yüzlərlə insanın ağır yaralanması və 1275 nəfərin əsir götürülməsi faktı öz əksini tapıb. Sənəddə AP üzvləri Xocalı qətliamı nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı dilədiklərini, ailələrinin dərdlərinə şərik olduqlarını bildirir və Xocalı faciəsi kimi insanlıq əleyhinə yönəlmiş cinayətlərin bir daha baş verməməsi üçün Xocalı qətliamının xatırlanmalı olduğunu vurğulayırlar.

Bəyanatı şərh edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev qəbul edilən bəyanatın 26 il əvvəl Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımına beynəlxalq təşkilatlar tərəfindən lazımi qiymətin verilməsi üçün atılan mühüm addım olduğunu bildirib: “Avropa Parlamenti mütəmadi olaraq həm Avropa qitəsində, həm də bütövlükdə dünyada baş verən hadisələrə öz rəyini bildirir və belə bir qurumun 22 üzvü tərəfindən Xocalı soyqırımına diqqət ayrılması, baş vermiş cinayətlərə siyasi qiymət verilməsi, bu cinayət nəticəsində həyatını itirənlərin və onların ailələrinin yad edilməsi, əlbəttə ki, vacib hadisədir. Hazırda Avropa Parlamentində 28 ölkə 8 siyasi qrupla təmsil olunur. Bəyanatı imzalayan üzvlərin 28 ölkədən 13-nü və 8 siyasi qrupdan 6-sını təmsil etməsi də bu mənada mühüm göstəricidir”.

Deputat daha sonra deyib: “Xocalıda həyatını itirmiş əziz soydaşlarımızın ruhu və onların sağ qalan ailə üzvləri qarşısında bizim ən böyük borcumuz həqiqətləri dünyaya çatdırmaq, dünya birliyinin o gecə Xocalıda baş verən qətliamı adı ilə çağırmasına nail olmaqdır. AP üzvlərinə həqiqətlərimizin çatdırılmasını sistemli şəkildə elə təmin etməliyik ki, erməni lobbisinin və bu lobbinin təsiri altında fəaliyyət göstərən bir qrup AP üzvünün ölkəmiz əleyhinə apardığı qərəzli anti-Azərbaycan fəaliyyətin qarşısı alınsın. Bu mənada, Avropa Parlamentinin üzvləri tərəfindən bəyanat qəbul edilməsi çox mühüm bir addımdır. AP üzvlərinin Azərbaycanı daha yaxından tanıması və ölkəmizlə bağlı həqiqətləri öyrənərək müvafiq addımlar atması üçün komitəmizin üzvləri bundan sonra da fəal şəkildə iş aparacaqlar”.

Avropa Parlamenti üzvləri tərəfindən qəbul edilən bəyanatı yüksək qiymətləndirən Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü, deputat Azər Kərimli isə bildirib ki, bu bəyanat münasibətlərin bərpasından sonra keçən son bir ildə Avropa Parlamentinin üzvləri ilə aparılan intensiv və məqsədyönlü işin nəticəsidir və Azərbaycanın parlament diplomatiyasının növbəti uğurudur.

Deputat bəyanatın Avropa Parlamentində yenicə yaradılmış Azərbaycanın Dostları Klubunun üzvləri tərəfindən irəli sürülməsini və dəstəklənməsini vurğulayaraq deyib ki, bu, həmçinin AP nəzdində dostluq qrupunun yaradılmasının nə qədər doğru və vacib addım olduğunu bir daha göstərir. Bu sənəd gələcəkdə qəbul ediləcək daha mühüm sənədlər üçün bir əsas olacaq və bunun üçün daha çox çalışmaq, beynəlxalq parlament qurumları ilə daha sıx əlaqələr qurmaq vacibdir: “Hazırda dünyada parlament diplomatiyasının rolu və əhəmiyyəti artır. Bunu nəzərə alaraq Milli Məclisin müvafiq təşkilatlarla işləyən nümayəndə heyətləri, o cümlədən Avropa Parlamenti ilə münasibətdə olan bizim nümayəndə heyətimiz mümkün bütün vasitələrlə əlaqələrin daha intensiv xarakter almasına, əməkdaşlığın genişləndirilməsinə çalışır. Düşünürəm ki, bu məqsədyönlü iş tezliklə daha çox və daha ciddi nəticələr verəcək”.

Xocalı faciəsi ilə bağlı bəyanat, ümumilikdə, Avropa Parlamentinin 13 ölkəni (28 ölkədən) və 6 siyasi qrupu (8 qrupdan) təmsil edən 22 üzvü tərəfindən, o cümlədən qurumun vitse-prezidenti tərəfindən imzalanıb.

AzVision.az


Teqlər: Avropa-Parlamenti   Xocalı   Soyqırım   Bəyanat  





Xəbər lenti