İtaliya mətbuatı Bakıdan yazdı

İtaliya mətbuatı Bakıdan yazdı
  09 Fevral 2018    Oxunub:2719
İtaliyanın “Notizie Geopolitiche” analitik portalında tədqiqatçı Corciya Piların müəllifi olduğu “Azərbaycan. Bakının “Ekspo 2025” sərgisi üçün namizədliyi” adlı məqalə dərc olunub.
Məqalədə noyabrın 14-də Parisdə, Royal Pavilyonda Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə qəbulun təşkil olunduğu və tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Bakının “Ekspo” sərgisinə namizədliyinin əhəmiyyəti haqqında danışdığı bildirilir.

Qeyd olunur ki, “Ekspo 2025”i bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəliflik sərgiləyən, qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirən platforma adlandıran Mehriban Əliyeva Azərbaycanı bu universal platformaya ev sahibliyi etmək üçün ən ideal məkan kimi səciyyələndirib, ölkəmizin beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası mərkəz kimi tanındığını, bilik və bacarıqların mübadiləsi üçün əhəmiyyətli məkan olan “Ekspo 2025”in özü kimi Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticari, siyasi və mədəni körpü rolunu oynadığını vurğulayıb.

Məqalədə yanvarın 23-də Dünya İqtisadi Forumu vaxtı Davos şəhərindəki “InterContinental” otelində “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizədliyi ilə bağlı keçirilmiş təqdimat mərasiminə və Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri, səfir Elçin Əmirbəyovun mərasimdə çıxışına da toxunulur.

Yazıda Azərbaycanın “Ekspo 2025” sərgisinə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu ilə getdiyi bildirilir, bunun əsasında Azərbaycanın həm insan ləyaqətinin qiymətləndirilməsində, həm də iqtisadiyyatın şaxələndirilməsində əsas vasitə kimi təhsil sahəsinə verdiyi önəmin durduğu vurğulanır. Müəllif ölkəmizin təhsil sahəsində çoxsaylı islahatlar həyata keçirdiyini bildirir, mütəxəssislərimizin UNESCO, UNISEF, UNEVOK, ISESCO, Avropa Təhsil Fondu və digər beynəlxalq təhsil qurumlarının fəaliyyətində iştirak etdiklərini, təcrübələrindən yararlanaraq Avropa Şurası və Avropa İttifaqı kimi qurumlarla əməkdaşlıq etdiklərini qeyd edir. Həmçinin “insan kapitalı” dedikdə ölkə əhalisinin əhəmiyyətli hissəsini təşkil edən gənclərin də inkişafının nəzərdə tutulduğu və Azərbaycan hökumətinin bu sahəyə böyük önəm verdiyi, “Gənclər Siyasəti” proqramı ilə ölkə gənclərinin təhsil almalarına, iş ilə təmin olunmalarına yardım göstərdiyi bildirilir, bundan əlavə ölkədə gənclər üçün imtiyazların mövcudluğu qeyd edilir, gənc tədqiqatçıların mükafatlandırılması üçün xüsusi fondların fəaliyyət göstərdiyi və gənc sahibkarların dəstəklənməsi üçün maliyyə yardımlarının ayrıldığı vurğulanır.

Bakının “Ekspo 2025” ilə bağlı təklif etdiyi layihədə təhsil sahəsindən başqa, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşən səhiyyə və məşğulluq sahələrində də məqsədlərin öz əksini tapdığı qeyd olunaraq, bu məqsədlərin üç mövzuda: “İstedad, Sağlamlıq və Nailiyyət” kimi cəmləşdirildiyi vurğulanır.

Ümumdünya sərgilərinin 160 ildən artıq müddətdə ölkələrin mədəniyyətini və sənaye inkişafını qeyd etmək üçün təşkil olunduğunu bildirən müəllif Bakının “Ekspo 2025”ə ev sahibliyi üçün namizədliyini irəli sürməkdə məqsədlərinin daha geniş olduğunu vurğulayır və bu məqsədlərin “Ekspo”dan təkcə bəşəriyyətin və sənayenin inkişafını qeyd etmək üçün deyil, dövrümüzün ən vacib universal çağırışlarının qlobal müzakirəsi üçün platforma kimi istifadə etmək olduğunu diqqətə çatdırır. Qeyd edir ki, “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” şüarı Azərbaycan hökuməti tərəfindən insan kapitalının inkişafına yardım göstərmək və onun qorunmasını təmin etmək üçün Azərbaycanın dövlət qurumlarının yorulmaz səylər göstərdiyini sübut edən ismarıcdır. Gənclər və təhsillə yanaşı, digər sahələrdə işçilərin təhlükəsizliyinin təmin edilməsi, onların sağlamlığını qoruyan təhlükəsizlik şəraitində öz vəzifələrini yerinə yetirmək üçün zəmanətin verilməsi də böyük əhəmiyyət kəsb edir.

Məqalədə “Ekspo 2025” üçün ayrılması nəzərdə tutulan sahə haqqında da məlumat verilərək, sərgi ilə bağlı ölkəmizin müvafiq qurumları tərəfindən Bakı şəhərində möhtəşəm bir parkın salınmasının nəzərdə tutulduğu bildirilir.

Yazıda Avropa və Asiya qitələrinin kəsişməsində yerləşən Azərbaycanın coğrafi və geosiyasi üstünlüyünə görə qədim zamanlardan həm beynəlxalq iqtisadi, həm də mədəni münasibətlərdə strateji rol oynadığı bildirilir. Ölkəmizdə müxtəlif etnik və dini qrupların dinc birgə yaşama mədəniyyətinin mövcudluğunun Bakı şəhərini beynəlxalq tədbirlərə ev sahibliyi üçün ideal məkana çevirdiyi vurğulanır və Bakıda “Eurovision 2012”, birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, 2016-cı ildən başlayaraq Formula-1 yarışlarının keçirildiyi diqqətə çatdırılır. Bundan əlavə, öz zəngin tarixi irsi, möhtəşəm memarlıq üslubuna görə Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən biri kimi şöhrət qazandığı qeyd olunur.

Sonda müəllif Azərbaycanın təbii gözəlliyə, qonaqpərvərliyə, multikultural və tolerant dəyərlərə malik olan, həmçinin beynəlxalq tədbirlər üçün daha çox seçilən ölkə olduğuna görə “Ekspo 2025” sərgisinə ev sahibliyi üçün ideal məkan olduğunu vurğulayır.

AzVision.az


Teqlər: İtaliya   Bakı   Ekspo-2015  





Xəbər lenti