Avropa “Metsamor”un bağlanması üçün 200 milyon ayıracaq

Avropa “Metsamor”un bağlanması üçün 200 milyon ayıracaq
  16 Yanvar 2018    Oxunub:2262
Avropa İttifaqı (Aİ) Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanılması üçün Ermənistana 200 milyon avro ayıracağına söz verib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya Qazeta” nəşri məlumat yayıb. Qəzet iddia edir ki, Brüssel AES-i alternativ enerjilərlə əvəz etməyi təklif edib.

Xatırladaq ki, Metsamor AES 1976-cı ildə inşa edilib. Hər biri 408 MV gücə sahib WWER-440 /230 tipli 2 yunitardan ibarətdir. Stansiya Ermənistanın paytaxtı İrəvandan 32 km, Qarsdan 100 km, İğdırdan isə 30 km uzaqlıqdadır. AES dünyanın ən etibarsız reaktorlarından biridir. Stansiyanın tikilməsi zamanı SSRİ alimləri onun Ağrı dağı tektonik zonasında yerləşəcəyi üçün buna qarşı çıxıblar.

Köhnəlmiş texnologiyalar əsasında inşa edilmiş Metsamor AES 11 ballıq zəlzələ riski olan seysmik zonada yerləşdiyi üçün bütün regiona ciddi təhlükədir. Stansiyanın çevrəsində beş tektonik çat mövcuddur və onlardan biri stansiyadan 500 metr məsafədə yerləşir.

Stansiyanın istifadə etdiyi nüvə materiallarının “çirkli bomba” yaratmağa çalışan terrorçuların əlinə düşə biləcəyi riski də həddindən artıq böyükdür. Bundan başqa, nüvə tullantılarını Azərbaycanın işğal altındakı ərazilərində basdırılması haqqında da əsaslı şübhələr var.

Elektrik stansiyasını istismardan çıxarmaq əvəzinə Ermənistan onu 2026-cı ilə qədər işlətməyi planlaşdırır. Bu isə o deməkdir ki, bütöv region daha 10 il ərzində təhlükə içində yaşayacaq. 2011-ci ildə Yerevan Avropa İttifaqının stansiyanın fəaliyyətinin dayandırılması ilə bağlı çağırışlarını da rədd edib.

Metsamor AES Türkiyədən cəmi 16, İrandan 60, Azərbaycan və Gürcüstan sərhədlərindən isə 120 km uzaqlıqda yerləşir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:   Metsamor  





Xəbər lenti