“Vəhşi Diviziya”nın azərbaycanlıları – ARAŞDIRMA, FOTOLAR

“Vəhşi Diviziya”nın azərbaycanlıları – ARAŞDIRMA, FOTOLAR
  25 Sentyabr 2013    Oxunub:19441
1914-cü ilin dekabrında cəbhədən gələn dəhşətli şaiyələr bütün Avstriya-Macarıstan imperiyasını silkələdi. İldırım sürətilə yayılan bu xəbərlər səngərdəki əsgərləri və cəbhə xəttinə yaxın yaşayış məntəqələrinin sakinlərini daha çox dəhşətə gətirirdi: “Ruslar Asiyanın dərinliklərindən cəbhə xəttinə naməlum bir qüvvə - vəhşi süvarilər ordusu gətiriblər. Onlar çiyinlərində ağ, qara qanadları olan kentavra bənzər məxluqlardır. Qarşılarına çıxan heç bir canlıya rəhm eləmirlər. Avropa hələ belə dəhşət görməyib”.

Avstriyalılar və almanlar bütün Avropanı dəhşətə gətirən bu döyüşçüləri “tüklü papaq geymiş şeytanlar”, rus çarı isə “qafqaz qartalları” adlandırsa da, onlar tarixə başqa adla - “Vəhşi diviziya” adıyla düşdülər.

Rəsmi sənədlərdə adı Qafqaz Yerli Süvari Diviziyası olan bu hərbi birlik, 1914-cü il iyulun 26-da Qafqaz Hərbi Dairəsi qoşunlarının baş komandanı qraf İllarion Vorontsov-Daşkovun Qafqaz xalqlarından hərbi hissələrin təşkil olunması təklifiylə Çara müraciətindən sonra yaradılmışdı. Həmin dövrdə müsəlmanlar orduya çağırılmadığından, 6 Süvari Alayından ibarət diviziyanın şəxsi heyəti əsasən Şimali və Cənubi Qafqazdan olan müsəlman könüllülərdən ibarət idi.

Bu 6 alaydan biri - Tatar Süvari Alayı 1914-cü il avqustun 5-dən 27-dək Yelizavetpol (Gəncə) şəhərində azərbaycanlılardan təşkil olunmuşdu. Yelizavetpol qubernatorunun verdiyi məlumata görə müraciət edənlərin sayı 2000-i keçsə də Alaya Yelizavetpol quberniyasından 400 nəfər, Tiflis quberniyasının Borçalı uyezdindən isə 100 nəfər götürmək mümkün olmuşdu. Çünki, təsdiq olunmuş ştat cədvəlinə görə hər alayda 22 zabit, 3 hərbi məmur, 1 alay mollası, 575 süvari döyüşçü və 68 təsərrüfat heyəti var idi. Yerdə qalan 100 nəfər isə alaya ezam olunmuş peşəkar hərbçilər idi. Bu alaylar 3 briqadada birləşirdi. 1-ci briqaya Kabardin və Dağıstan, 2-ci briqadaya Çeçen və Tatar, 3-ci briqadaya İnquş və Çərkəz Süvari Alayları daxil idi.

Tatar Süvari Alayına podpolkovnik Pyotr Polovtsev rəhbərlik edirdi. Azərbaycanlılara və onların adət-ənənələrinə böyük hörmətlə yanaşan, cəsur və qorxmaz zabit Polovsev barəsində ruslar deyirdilər ki, "onun bədəni rus, ruhu isə tatardır". Alay komandirinin köməkçiləri isə əslən Bakıdan olan podpolkovnik Vsevolod Staroselski və rotmistr Şahverdi xan Ziyadxanov idi. 16-cı draqun Tver polkunundan polkovnik Feyzulla Mirzə Qacar da bu alaya ezam olunmuşdu.

Alay təşkil olunduqdan sonra Qubernator Qafqaz ordusunun baş komandanının köməkçisi general A. Mışlayevskiyə könüllülər adından bir xahişlə müraciət etdi: “Keçmiş Tatar Alayına (1828-29-cu illərdə rus-türk müharibəsi zamanı təşkil olumuş 1-ci Süvari-müsəlman Alayı nəzərdə tutulur) Çar I Nikolay tərəfindən təqdim olunmuş və hazırda Şuşa uyezd idarəsində saxlanılan döyüş bayrağı Yelizavetpolda təşkil olunmuş alaya verilsin”.

1914-cü il sentyabrın 10-da Gəncə şəhərində Tatar Süvari Alayının təntənəli yola salma mərasimi keçirildi. Alay buradan birbaşa Armavir şəhərinə gəldi. Armavir Qafqazda təşkil olunmuş alayların toplanış yeri kimi təyin olunmuşdu. Burada çar II Nikolayın qardaşı Mixail Aleksandroviç komandir kimi diviziyanı qəbul etdi.

1914-cü ilin oktyabrında Rusiya ordusunun Baş komandanı, eyni zamanda imperatorun dayısı Nikolay Nikolayeviç yeni təşkil olunmuş Qafqaz diviziyasına sıra baxışı keçirdi. Tatar, Çeçen, Çərkəz, İnquş, Kabardin və Dağıstan Süvari Alaylarının döyüşçülərinin çərkəzi geyimləri, iri papaqları və xəncərlərindən çox mütəəssir olan Hərbi nazirin bacısı oğluna dediyi - “Sənin diviziyan hələ ki, vəhşidir. Ancaq mən belə hesab edirəm ki, almanların öhdəsindən gələ bilər”- kəlməsini oradakı jurnalistlər havada tutdular və beləcə “Vəhşi diviziya” kəlməsi Rus mətbuatı vasitəsilə xalq arasında yayıldı.

Noyabrın əvvəlində Qafqaz Yerli Süvari Diviziyası general-leytenant Hüseyn xan Naxçıvanskinin rəhbərlik etdiyi 2-ci kavaleriya korpusunun tərkibinə verildi. Noyabrın 26-da Lvov şəhərində korpus komandiri Hüseyn xan Naxçıvanski diviziyaya baxış keçirdi. Həmin prosesi yazıçı Lev Tolstoyun oğlu, həmin vaxt orada jurnalist kimi iştirak edən qraf İlya Lvoviç Tolstoy özünün “Qırmızı başlıqlar” adlı oçerkində belə təsvir edirdi: “Hamısı bir-birindən əzəmətli Süvari Alayları nizami qaydada gəlib keçirdilər. Bütün şəhər camaatı bir saat ərzində indiyə qədər görmədikləri bu gözəl mənzərəni böyük həzlə izlədilər... Milli döyüş mahnıları ifa edilən zurna sədaları altında qırmızı çərkəzilərdə və başlıqlarda, gümüş və qızıl işləməli silahlarla silahlanmış, qarayanız üzlərindən milli qürur, fəxarət yağan qıvraq döyüşçülər oynaq atlarının belində qarşımızdan keçib gedirdilər”.

Komandanlıq “Vəhşi diviziya”nı cənub-qərb cəbhəsinə - Qalitsiyaya yolladı. Rəhbərlik belə hesab edirdi ki, qafqazlılar Karpat dağlarında öz döyüş qabiliyyətlərini daha yaxşı göstərə bilərlər.

1914-cü il dekabr ayının 8-də “Vəhşi diviziya” burada ilk döyüşə girdi. Bu döyüşdən sonra almanlar və avstriyalılar şokda idilər. Onlar belə döyüşə hazır deyildilər. Qafqazlılar Avropanın indiyə qədər adət elədiyi bütün müharibə qanun-qaydalarını inkar edərək, öz qaydalarını diqtə eləməyə başlamışdılar.

“Vəhşi diviziya”nın süvariləri vəhşi nərələrlə, “Allah, Allah“ qışqırıqlarıyla düşmənin üzərinə şığıyır onları qılıncdan keçirir, atları dərin qarın içində yorulub əldən düşənə qədər qaçan düşməni təqib edirdilər. Onların iri tüklü papaqları, saqqallı üzləri, havada yellənən yapıncıları və çərkəzi geyimləri düşmən əsgərlərini vahiməyə salırdı.

“Vəhşi diviziya”nın döyüşçüləri heç vaxt əsir düşmürdülər və özləri də heç kimi əsir götürmürdülər. Qaçıb canını qurtara bilməyən hər bir əsgər məhv edilirdi. Onların hücumlarından sonra salamat qalmış düşmən əsgərləri özlərini xoşbəxt sayırdılar. Yeri gəlmişkən belə xoşbəxtlərin içərisində sonralar Yuqaslaviya Federasiyasına rəhbərlik etmiş marşal İosif Broz Tito da varıydı. Marşal Tito müharibədən 60 il sonra da- 70-ci illərin ortalarında həmin günləri həyacansız xatırlaya bilmirdi: “Qafqazlılar bizi mühasirəyə almışdılar. Biz onların necə və haradan peyda olduqlarını heç hiss eləmədik də. Əllərində sıyrılmış qılıncları hər tərəfdən bizim üzərimizə gəlirdilər. Onlardan biri qılıncı mənim başıma endirmək istədi. Mən tüfəngin süngüsünü qabağa verib özümü müdafiə eləsəm də kürəyimdə güclü ağrı hiss elədim. Geri çevriləndə başqa bir qafqazlının qəzəbdən əyilmiş sifətini gördüm. Onun iri qara gözlərindən sanki alov yağırdı”.

Rus ordusunun zabitləri, zadəgan təbəqənin nümayəndələri- tanınmış ailələrdən olan qraflar, knyazlar qafqazlılarla bir yerdə qulluq etməyi özləri üçün şərəf sayırdılar. Fransız şahzadəsi Napoleon Mürat, Qacar şahzadəsi Feyzulla Mirzə Qacar və bu kimi məşhur soyadları təmsil edən insanlar bu diviziyada qulluq edirdilər.

Tatar Süvari Alayı Ukraynanın Jmerinki yaşayış məntəqəsində olanda bir fransalı alayda qulluq etmək arzusunda olduğunu bildirmişdi. 1914-cü il dekabrın 18-də Bakıdakı fransız konsulu bu barədə Yelizavetpol qubernatoruna yazırdı: “Sizin nəzərinizə çatdırmağı özümə şərəf hesab edirəm ki, Jmerinki stansiyasından Tatar Süvari Alayının komandiri polkovnik Polovtsev tərəfindən oktyabrın 26-da mənə göndərilmiş teleqramda bildirilir ki, Fransa vətəndaşı, ehtiyatda olan əsgər Karl Testenaur adını çəkdiyim alayda süvari kimi qulluq etməyə başlayıb...”

“Vəhşi diviziya” ənənələrdən və mentalitetdən qaynaqlanan daxili qanunları olan bir hərbi hissə sayılırdı. Əslində diviziyanın gücü də elə bunda idi. Çünki, burada qulluq edənlərin əksəriyyəti bir-biri ilə ya qohum, ya da ki, həmkəndli idilər. Bunlar hamısı birləşdirici faktor sayılırdı. “Müharibələr Səlnaməsi” kitabında çap olunmuş “ Vəhşi Diviziya” adlı oçerkdə qafqazlıların bu xüsusiyyətləri ətraflı təsvir olunub: “Karpat dağlarına qar yağıb. Hər tərəf ağappaqdır. Qarşıdakı yüksəkliklərdəki, qarlı səngərlərdə avstriyalı əsgərlərdir. Güllələr vıyıldayır. Bizim səngərlərdəkilər dəstələrlə oturublar. Hamısı bir-biri ilə qohumdurlar. Bilirlər ki, Əhməd yaralansa İbrahim çıxaracaq, İbrahim yaralansa İsrail çıxaracaq, Abdulla yaralansa İdris çıxaracaq. Mütləq çıxaracaqlar. Ya ölü, ya da yaralı döyüş meydanında qoymayacaqlar...”

Ancaq burada həlledici rol oynayan ən böyük səbəblərdən biri də döyüşçülərin 90 %-nin müsəlman olması idi. Döyüşçülərin məişətində və qidalanmasında komandanlıq bu məsələyə xüsusi diqqət yetirirdi. Diviziyanın hər polkunda rəsmi molla ştatı yaradılmışdı. Molla döyüçüləri azana səsləyir, dini mərasimlər keçirir, həlak olanların dəfnini təşkil edirdi. Alay mollasını süvarilər özləri seçirdilər. Molla həmçinin Qurana əl basdıraraq döyüşçülərə Çara və Vətənə sədaqət andı içdirir, döyüşə gedən zaman isə çiynində tüfəng polkun qabağında gedirdi. Məlumat üçün qeyd edək ki, görkəmli Azərbaycan şairi Məhəmməd Hadi də Tatar Süvari Alayında baş axund kimi xidmət etmişdi.

1915-ci ilin 15 fevralında Çeçen və Tatar alayları Brin kəndi yaxınlığında ağır döyüşlər aparırdı. Güclü müqavimət göstərməsinə baxmayaraq qafqazlıların qəhrəmanlığı sayəsində düşmən ağır itkilər verərək bu yaşayış məntəqəsindən çıxarıldı.

Həmin döyüşdə iştirak etmiş hərbi müxbirlərdən biri “Vəhşi diviziya”nın döyüşçülərinin xəncərlərinin əvəzedilməz rol oynadığından danışır və döyüşünün finalını belə təsvir edirdi: “...Yarım saatdan sonra düşmən tamamilə darmadağın edildi. Onlar tərəfdən döyüş meydanında qalan ölülərin sayı 370 nəfərdən çox idi. Onlardan 130 nəfəri xəncərlə öldürülmüşdü”.

Bu döyüşdən sonra Alay komandiri P. Polovtsev 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edildi. O zaman Polovtsev Yelizavetpol qubernatoru Q. Kovalyova göndərdiyi teleqramda deyirdi: “Tatar alayı yerli diviziyada öz komandirinə Georgi xaçı qazandıran ilk alay oldu. Yüksək mükafatla fəx etməklə bərabər bunu həm də tatar süvarilərinin döyüş qabiliyyətinə və qəhrəmanlığına verilmiş qiymət kimi dəyərləndirirəm. Sizdən mənim Yelizavetpol quberniyasının müsəlman döyüşçülərinin fövqəladə qəhrəmanlıqları müqabilində duyduğum fəxarət və qürur hislərimi qəbul etmənizi xahiş edirəm. Polovtsev”

Fevral ayının 21-də korpus komandiri general-leytenent Hüseyn xan Naxçıvanski diviziya komandiri knyaz Mixail Aleksandroviçdən düşməni Tulmaç adlı ərazidən çıxarmaq haqqında əmr aldı. Qarşıya qoyulmuş tapşırığı yerinə yetirmək üçün diviziya komandiri irəliyə əvvəl Tatar Alayını, sonra isə Çeçen alayını buraxmağı əmr edirdi. Şiddətli döyüşlərdən sonra Tulmaç azad edildi. Beləliklə fevral ayının sonuna qədər 2-ci kavaleriya korpusu Cənub-Şərq cəbhəsində Karpat istiqamətində qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirdi.

(Ardı BURADA)

Füzuli Sabiroğlu



Qalereya




Teqlər:  





Xəbər lenti